13 Dekabr 2022 19:27
1 173
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev və onunla birgə azadlıqdan məhrum edilmiş istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun barələrində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan prosesdə İlkin baxış iclasının qərarı elan olunub

Qərara görə, iş məhkəmə baxışına təyin olunub. Bundan başqa, eyni qərarla məhkəmənin ilkin iclaslarda tərəflərin verdikləri vəsatətlərə münaisbət açıqlanıb.

Mövlam Şıxəliyevlə bərabər müttəhimlər kürsüsünə çıxarılan 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərovun barələrindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi, məhkəmənin tam və ya qismən istintaq aparılmaqla keçirilməsi, Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaqı İdarəsinin əməkdaşı, müttəhimlərin cinayət işi üzrə istintaq qrupunun rəhbəri olmuş Mehdi Mirzəyevin şahid qismində dindirilməsi, əlavə şahidlərin prosesə dəvət olunmasına dair vəsatətləri təmin edilməyib.

Zərərçəkən Zaur Əliyevin işin ibtidai istintaqa qaytarılması, müttəhimlərin əməllərinin daha ağır maddəyə tövsif olunmasına dair vəsatəti təmin olunmayıb.

Zərərçəkənin keçmiş baş prokuror Zakir Qaralovun, onun 1-ci müavini Rüstəm Usubovun, MTN-in İstintaq İdarəsinin rəis müavini Təhsin Ağayevin, MTN əməkdaşı Mamay Quluzadənin, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Əfqan Hacıyevin məhkəmədə şahid qismində dindirilmələrinə dair vəsatətinə hüquqi qiymət verilməyib.

Zərərçəkən Əfsəl Həsənəliyevin Mövlam Şıxəliyevə məxsus olan, Xaçmaz rayonunda yerləşən “Çobanbulaq” İstirahət Mərkəzinin də müsadirə olunması üçün üzərinə həbs qoyulmasına dair vəsatəti də təmin olunmayıb.

Qeyd edək ki, məhkəmənin hazırlıq iclasında Əfsəl Həsənəliyev vəsatəti təqdim edərkən bildirib ki, ibtidai istintaq zamanı həmin istirahət mərkəzinin üzərinə həbs qoyulub. Sonradan isə yüksək vəzifəli dövlət məmurunun tələbi ilə həmin əmlak üzərindən həbs götürülüb və xüsusi müsadirə siyahısından çıxarılıb.

Bundan başqa, iş üzrə zərərçəkən, mərhum Cahangir Məmmədovun həyat yoldaşı Yeganə Məmmədovanın iş üzrə hüquqi varis qismində tanınmasına dair vəsatəti də təmin olunmayıb.

Hakim məhkəmənin Cahangir Məmmədovun qardaşı Arif Məmmədovu hüquqi varis kimi tanındığını qeyd edib.

Zərərçəkənlərin bir qisminin vəkili Osman Kazımovun xüsusi müsadirəyə götürülən Mövlam Şıxəliyevə məxsus əmlakların yenidən qiymətləndirilməsi üçün ekspertizanın təyin olunması haqda vəsatəti də təmin olunmayıb.

Zərərçəkənlər müsadirəyə götürülmüş əmlakların yenidən qiymətləndirilməsini tələb edirlər. Bildirirlər ki, müsadirə olunan əmlaklara real bazar dəyərindən 2 dəfə yarım ucuz qiymət qoyulub.

Həmin ekspertizanın gəldiyi qənaətlə ibtidai istintaq dövründə aparılan təqribi qiymətləndirmə arasında çox ciddi fərq var.

Faktiki bazar qiyməti 250-300 min manat olan əmlak ibtidai istintaq dövründə 50 min manata qiymətləndirilib. Belə hesablama ilə cinayət işi üzrə mülki iddiaları təmin edilən zərərçəkənlərə Mövlam Şıxəliyev və dəstəsi tərəfindən vurulan ziyanın 20-30 faizi ödənilə bilər.

Qeyd edək ki, istintaq dövründə Mövlam Şıxəliyevin mülkiyyətində olmaqla öz adına rəsmiləşdirilmiş Səbail rayonu, Nizami küçəsi, ev 78 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 482 min manat, Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 39 ünvanında yerləşən 198.1 kv.m sahəsi olan daşınmaz əmlak 770 min 609 manat, Səbail rayonu, Bülbül prospekti, ev 7 ünvanında yerləşən 35 kv.m. sahəsi olan zirzəmi 35 min 500 manat, Nizami rayonu, Qara Qarayev prospekti, 39a ünvanında yerləşən daşınmaz əmlak 974 min 600 manat, Nəsimi rayonu, Nizami küçəsi, ev 78, 6 mənzil ünvanında yerləşən daşınmaz əmlak 214 min manat, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 9/25, mənzil 63 ünvanında yerləşən daşınmaz əmlak 31 min 500 manat, Binəqədi rayonu, Goradil kəndi, 690A ünvanında yerləşən daşınmaz əmlakı 39 min 528 manat olması müəyyən edilib.

Mövlam Şıxəliyevin həyat yoldaşı Aybəniz Şıxəliyevanın adına rəsmiləşdirilmiş Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ev 7 a ünvanında yerləşən daşınmaz əmlak 26 min 240 manat, Ağdaş şəhəri, H.Hacıyev küçəsi, ev 26 ünvanında yerləşən 197 kv.m. əmlak 17 min manat, Binəqədi rayonu, Novxanı kəndi, 686 k ünvanında yerləşən daşınmaz əmlakın 37 min 600 manat, Nəsimi rayonu, Nizami küçəsi, ev 93, mənzil 212 ünvanında yerləşən daşınmaz əmlak 400 min manat, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 134 a ünvanında yerləşən 403.3 kv.m. sahəsi olan daşınmaz əmlak 1 milyon 452 min manat, Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 10 ünvanında yerləşən 137.7 kv.m. sahəsi olan daşınmaz əmlak 535 min 653 manat, Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 40 ünvanında yerləşən 137.7 kv.m. sahəsi olan daşınmaz əmlak 738 min 711 manat olması müəyyənləşib. Mövlam Şıxəliyevin qızı Samirə Əliyevanın adına rəsmiləşdirilmiş Bakı şəhəri Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 72 ünvanında yerləşən 167.3 kv.m. sahəsi olan daşınmaz əmlak 650 min 719 manat, Binəqədi rayonu, Novxanı kənd, 686 ünvanında yerləşən 214.3 kv.m sahəsi olan daşınmaz əmlak 257 min 172 manat, Binəqədi rayonu, Novxanı kəndi, 685V ünvanında yerləşən 1087.7 kv.m. sahəsi olan daşınmaz əmlak 1 milyon 305 min 240 manat dəyərində olduğu üzə çıxıb.

Generalın oğlu Elgün Şıxəliyevin adına rəsmiləşdirilmiş Səbail rayonu, Nizami küçəsi, ev 96, mənzil 37 ünvanında yerləşən daşınmaz əmlakın 360 min manat, Səbail rayonu, prospekti ev 7 ünvanında yerləşən daşınmaz əmlakın 714 min 985 manat olması müəyyən edilib. Əmlaklar ümumilikdə 7 milyon 738 min 17 manat məbləğində müəyyənləşib.

İş üzrə məhkəmə baxışı dekabrın 26-na təyin olunub.

Qeyd edək ki, hazırda beynəlxalq axtarışda olan Akif Mustafayev də iş üzrə maraqlı şəxs qismində çıxış edir. Onu iclasda nümayəndəsi Cavanşir Hüseynov təmsil edir.

“Akula Akif” ləqəbli, adı mətbuatda Eldar Mahmudovun yaxın adamı kimi tanınan Akif Mustafayev Mövlam Şıxəliyevin və digərilərinin işinə aidiyyatı məsələsi açıqlanmayıb. Zərərçəkənlər bu məsələni qaldırsalar da, hakim hazırlıq iclasında bu məsələyə baxılmadığını bildirib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər onlara verilmiş cəzadan narazı qalıblar və barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.

Zərərçəkmişlər də hökmdən narazı qaldıqlarını qeyd ediblər və təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını tələb edirlər.

Bir neçə zərərçəkmişin qaldırdığı mülki iddia təmin olunmayıb. Onlar mülki iddianın təmin olunması barədə apellyasiya şikayəti veriblər.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şıxəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.

Onunla birlikdə mühakimə olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov 10 il 6 ay, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov 12 il 6 ay və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Zamində olan Yasin Məmmədov, Sahib Ələkbərov və Vüsal Ələkbərovun barəsində həbs-qətimkan tədbiri seçilib. Onlar məhkəmə zalından həbs edilib.

Mövlam Şıxəliyevin general-mayor rütbəsindən məhrum edilməsi ilə əlaqədar Prezidentə təqdimat göndərilməsi barədə qərar çıxarılıb.

Həmçinin Mövlam Şıxəliyevin və ailə üzvlərinə məxsus bir sıra əmlakların müsadirə olunması barədə qərar çıxarılıb.

Bundan başqa, Vüsal Ələkbərov, Sahib Ələkbərov və Yasin Məmmədov polkovnik-leytenat rütbələri əlindən alınıb.

Mövlam Şıxəliyev, Vüsal Ələkbərov, Sahib Ələkbərov və Yasin Məmmədova verilmiş orden və medallardan məhrum olunublar.

İttihama görə, Mövlam Şıxəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərər çəkiblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər