24 Dekabr 2014 11:49
1 148
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda ittiham olunan iş adamı İlqar Məmmədov hökmdən narazı qalıb. O, günahsız olmasını sübut etmək üçün apelyasiya şikayəti verib.

İttihama görə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində bizneslə məşğul olan İlqar Məmmədov iflas edəndən sonra Azərbaycana qayıdaraq bu dəfə Bakı şəhərində pul qazanmaq niyyətinə düşüb. Bu məqsədlə plan qurub və pullu tanışlara üz tutub.

2008-ci ilin yayında tanışı Səttar Hacıyevə Dubaydan Azərbaycana içki və neft quyularının qazılması üçün avadanlıqlar gətirəcəyini, Bakıda biznes quracağını vəd edib. Əvvəlcə Səttardan 210 min manat, sonra 111 min manat, daha sonra 750 min manat alıb.

Beləliklə, Səttar Hacıyevin ümumilikdə 1 milyon manatdan çox pulunu mənimsəyib. İlqar Hacıyev eyni üsulla Sədrəddin Məmmədovu da aldadaraq, onun 241 min manatını, Sədrəddin Məmmədovun qardaşı Kərim Məmmədovun isə 200 min manatını ələ keçirib.


Bu əməli ilə İlqar Məmmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmə) maddəsi ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən İlqar Məmmədov apelyasiya şikayəti verib. O, şikayətində heç kimə qarşı dələduzluq etmədiyini, günahsız olduğunu qeyd edib, barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Şikayət baxılmaq üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Qədim Babayevin sədrlik edəcəyi məhkəmə baxışı dekabrın 26-na təyin olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər