Bu gün Bakı Apelyasiya Məhkəməsində “Texnikabank” ASC-nin Bakı filialının müdiri Zal Yusifov və digər şəxslərin barəsində hökmdən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə keçirilib.
Teleqraf.com xəbər verir ki, “Texnikabank” Bakı filialının sabiq rəhbəri Zal Yusifov digər şəxslərlə birlikdə cinayət əməli törədib. O, 81 müştərinin banka qoyduğu təxminən 38 milyon manat pulu mənimsəyib.
Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işi üzrə təqsirləndirilən 14 nəfər müxtəlif müddətlərə cəzalandırılıb. Hökmdən narazı şəxslər apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynov şikayəti təmin etməyib. Bundan sonra Zal Yusifovun atası Zakir Yusifov Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib və əmlaklarının geri qaytarılmasını istəyib. Ali Məhkəmənin sədri Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün əmlaklarla bağlı hissəsinə yenidən baxılması barədə təqdimat verib.
Həmin təqdimata Bakı Apelyasiya Məhkəməsinin hakimi Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada baxılıb və təqdimatla bağlı şikayət təmin edilməyib. Ali Məhkəməyə müraciət olunsa da, həmin məhkəmədə işə baxan hakimlər şikayətin baxılmamış saxlanılması barədə qərar qəbul ediblər. Bundan sonra işə yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarılıb.
Hakim Sahibxan Mirzəyevin sədrlik etdiyi prosesdə prokuror çıxış edib. Prokuror bildirib ki, Zal Yusifov bankda işləyən zaman “Humay” şadlıq evində çoxsaylı vətəndaşlarla görüş keçirib. Onun sözlərinə görə, Zal Yusifov həmin şadlıq evində vətəndaşları aldadaraq pullarını mənimsəyib.
Prokuror həmçinin qeyd edib ki, zal Yusifovun atası Zakir Yusifov “Humay” şadlıq evinin və mülkü olan evin üstündən həbs qərarının götürdülməsini tələb edir. Prokuror qeyd edib ki, həmin əmlakların üzərindən həbs qərarının götürülməsi düzgün deyil. Prokuror onu da qeyd edib ki, birinci instansiya məhkəməsi əmlak məsələsi ilə bağlı qərar qəbul edən zaman düzgün nəticəyə gəlib. Prokuror Zakir Yusifovun apelyasiya şikayətinin təmin edilməməsini tələb edib.
Daha sonra “Texnikabank”ın nümayəndəsi çıxış edib. O, bundan əvvəl keçirilən prosesdə çıxış edən bankın digər nümayəndəsi Habil Cavadovun fikirləri ilə razı olduğunu qeyd edib. Nümayəndə bildirib ki, Zal Yusifovun atası Zakir Yusifovun həbsdə olan mülklərinin geri qaytarılması ilə bağlı iddiası əsassızdır.
Onun sözlərinə görə, müsadirə olunan şadlıq sarayı Zakir Yusifova aid deyil: “Düzdür, şadlıq evinin yeri 1992-ci ildə alına bilər. Amma həmin binanın tikintisi Zal Yusifovun bankda işlədiyi dövrə aiddir. Zal Yusifovun atasının o qədər pulu olmayıb ki, belə böyük bina tikə bilsin. Zal Yusifov işdən sonra həmin şadlıq evində oturub və vətəndaşlarla pul əməliyyatları aparılıb. Vətəndaşlar da onu bank müdiri, şadlıq evinin sahibi kimi tanıyıblar və ona inanıblar. Bu səbəbdən də onun əməli dələduzluq maddəsi ilə tövsif edilib”.
Nümayəndə daha sonra qeyd edib ki, Bakı Ağır Cinayətlər Məhkəməsi şadlıq evinin və evin müsadirə edilməsi ilə bağlı ədalətli qərar çıxarıb: “Həmin qərarı da Bakı Apelyasiya Məhkəməsinin hakimləri təsdiqləyib. Burada 100-ə qədər vətəndaşın hüquqlarından söhbət gedir. İş üzrə çoxsaylı mülki iddiaçılar olub. Məhkəmədə həmin iddiaçıların şikayətini təmin edib. Məhkəmə mülki iddiaçılara dəymiş ziyanın Zal Yusifovdan tutulması barədə qərar qəbul edib. Bu səbəbdən də həmin şadlıq evi və yaşayış evi icraya yönəldilməlidir. Bundan başqa, “Texnikabank”a 2 milyon manatdan çox ziyan dəyib. “Texnikabank”ın rəhbər şəxsləri vətəndaşlara dəymiş ziyanın ödənilməsini düşünür. Bu səbəbdən mülklərin geri qaytarılması ilə bağlı iddia təmin edilməsin”.
Daha sonra prosesdə Zakir Yusifovun vəkili çıxış edib. O, apelyasiya şikayətini əsaslandırmağa çalışıb və hakimlərdən təmin edilməsini istəyib. Daha sonra hakimlər qərar qəbul etmək üçün müşavirə otağına yollanıblar. Qısa müşavirədən qayıdan hakimlər Zakir Yusifovun apelyasiya şikayətini təmin etməyiblər.
Hakimlər belə nəticəyə gəliblər ki, həmin əmlakların müsadirə edilməsi ilə bağlı çıxarılan qərar ədalətlidir. Həmin əmlaklar hərrac yolu ilə satılmalı və vətəndaşlara dəymiş ziyanın ödənilməsi düzgün hesab edilib.
Hacı Zeynalov