Bakının Nizami rayonunda 1994-cü il təvəllüdlü Elnur qeyri-rəsmi yaşadığı arvadı Əsməri (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 11 dekabr 2021-ci ildə baş verib.
Həmin gün, gecə saat 1 radələrində yüngül dərəcəli sərxoş vəziyyətində olan Elnurla kirayədə yaşadığı Əsmərin arasında mübahisə baş verib.
Münaqişə zamanı23 həftəlik hamilə vəziyyətdə olan Əsmərin qollarından tutaraq ona zor tətbiq etməklə yerə yıxıb. Sonra onu anası Baharın gözləri qarşısında boğmağa çalışıb.
Aktiv müqaviməti və anasının müdaxiləsi ilə Əsmər Elnurdan yayınıb və qaçmağa çalışıb. Elnur həmin otaqda masanın üzərində olan bıçağını götürüb və onun qaçmasının qarşısını alıb. Qadını saçından tutaraq özünə tərəf çəkib və bıçaqla qarın, döş qəfəsi nahiyyələrinə güclü zərbələr vurub.
Əsmər hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
“Təsadüfən tanış olduq”
İstintaq orqanı tərəfindən Elnurun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd etmə) və 29,120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürməyə cəhd etmə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elnur ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Əsmərlə təxminən 2019-cu ildə Bakı şəhərində təsadüf nəticəsində tanış olub:
“Aramızda normal münasibət yarandığından 2021-ci il aprelin 29-dan oktyabrın 18-nədək qeyri-rəsmi olaraq nikah münasibətlərində olmuşuq. Həmin dövrdə şəxsiyyət vəsiqəmi itirdiyimdən Əsmərlə rəsmi olaraq nikaha daxil ola bilmədim. Buna baxmayaraq, birlikdə faktiki olaraq ər-arvad münasibətlərində yaşadıq. Həmin dövrdə Əsmər ilə münasibətlərimiz tam qaydasında olub”.
Təqsirləndirilən şəxs qeyd edib ki, oktyabrın 18-də rəsmi nikah bağlayıb və birlikdə kirayədə yaşamağa davam ediblər: “Həmin dövrdə “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən "moyka"da işləmişəm, Əsmər isə işləməyib”.
“Qızla mesajlaşdığımı gördü”
Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərib ki, noyabrın 26-da evdə olarkən mobil telefonda domino oyunu zamanı tanımadığı qızla mesajlaşıb: “Əsmər həmin mesajları gördü, mənə irad tutdu. Buna görə mübahisə etməyə başladıq. Bir neçə saat ərzində mübahisədən sonra evdən getməyimi istədi.
Bu sözlərin qarşılığında Əsmərdən mənə bir həftə vaxt verməsini, ondan sonra evdən gedəcəyimi və ayrılacağımı bildirdim.
Bu hadisədən sonra münasibətlərimiz pozuldu. Lakin evin kirayəsini hələ vermədiyim üçün Əsmərə kirayəpulunu verdikdən sonra evdən çıxacağımı bildirdim. Sonra münasibətlərimiz bir qədər düzəldi və evdən çıxmadım”.
“Əsmər mənə “kişi ol” dedi”
Elnur deyib ki, Əsmərin anası Bahar da ara-sıra baş çəkmək üçün yaşadıqları evə gəlib:
“Dekabrın 9-da Bahar və Əsmərlə onun bacısı Vəsiləgilə getdik. Onlarda olarkən qaynanama 80 manat verdim və dekabrın 10-da Əsmərlə birlikdə gedərək yaşadığımız evə yolka ağacı almağı xahiş etdim. Daha sonra Əsmərlə birlikdə yaşadığımız evə döndük. Bir qədər sonra qayınanam da bizim yaşadığımız evə gəldi.
Ertəsi gün qayınanam Bahar və Əsmər yolka almaq üçün “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən bazara getmişdlərlər. Mən həmin vaxt işdə idim.
Əsmər anasının telefonundan mənə zəng etdi. “Nə üçün mənimlə birlikdə mağazaya gedib yolka seçimində mənə köməklik göstərmədin, pozğun qadınlara vaxt ayıra bilirsən, mənə vaxt ayırmırsan, kişi ol, ə” dedi. Qışqıra-qışqıra nalayiq ifadələr də işlətdi. Mən də ona nalayiq sözlərlə cavab verdim. “Axşam evə gəldikdə, danışacağıq” deyib telefon danışığını bitirdim”.
“Xoş olmayan mesaj yazdı”
Təqsirləndirilən şəxsin sözlərinə görə, axşam saat 22 radələrində dostu Əzizlə birlikdə yaşadıqları evə gedib: “Əzizlə evə getməkdə məqsədim istilik sisteminin suyunun 1 gün əvvəl yaranmış nasazlıq səbəbi ilə evə dağılmasına görə islanmış xalçanı götürərək moykaya aparmaq idi.
Dostumla xalçanı apardıqdan təxminən bir saat sonra yaşadığımız ünvana yaxın kafelərdən birində çay içdik. Bu zaman Əsmər mənə xoş olmayan mesaj yazdı. Yenə telefonda mübahisə etməyə başladıq. Əsmər gah mənə boşanmaq istədiyini, gah da istəmədiyini bildirdi. Ona boşanmaq istəyirsə, bu fikri ilə razılaşdığımı dedim”.
“Söyməməyi tələb etdim”
Təqsirləndirilən şəxs qeyd edib ki, dekabrın 11-də gecəyarısı evə gəlib: “Evdə Əsmərin anası Bahar məni mənzilin digər otağına çəkdi, barışmağımızı xahiş etdi. Ailəmizin dağılmasını istəmədiyini, mənim getməyimə razı olmadığını dedi.
Əsmər qonaq otağından mənə nalayiq ifadələr işlədərək anası ilə onu yolka ağacı almağa göndərdiyimi, evdən çıxmalı olduğumu, məndən boşanmaq istədiyini bildirdi. Hər dəfə Əsmərdən söyüş söyməməyi tələb etdim. Onsuz da əşyalarımı yığıb evdən getmək niyyətində olduğumu bildirdim”.
“Vurmayan kişi deyil”
Elnur qeyd edib ki, Əsmər söyüş söyməkdə davam edib: “Onun sözlərindən əsəbləşdim. Qonaq otağına keçib yaxasından tutdum. Sakitləşməyi, söyüş söyməməyi bildirdim. Əks təqdirdə ona öldürəcəyim barədə xəbərdarlıq etdim. Əsmər də “öldürməyən kişi deyil” dedi.
Otaqda stolun üzərində olan mətbəx bıçağını götürdüm. Əsmərə təkrar əgər səsini kəsməsə, söyüş söyməyə davam etsə, bıçaqla vuracağımı söylədim. Əsmər yenə də “vurmayan kişi deyil” deyə təkrarladı. Bu an bıçaqla onun boyun nahiyəsindən vurdum.
Əsmər qaçmaq istədi, mənə əl-qol atmağa başladı. Növbəti bıçaq zərbəsini vurmaq istədim. Amma o, evin qapısına tərəf qaçdı. Mən isə arxadan Əsmərin saçından tutaraq geriyə çəkdim və ona bir dəfə də bıçaqla zərbə vurdum”.
“Həyətdən Şərab evi”nin qarşısına getdim”
Təqsirləndirilən şəxsin sözlərinə görə, Əsmər onun əlindən çıxaraq çölə qaçıb: “Mən də onun arxası ilə bloka çıxdım. Əsmər üzbəüz qonşunun qapısını döydü və oradan çıxan 2 nəfər oğlan məni Əsmərdən aralayaraq uzaqlaşdırdı. Bıçağı əlimdən aldılar.
Əsməri üzbəüz qonşunun evinə saldılar. Mən isə həyətə düşdüm, siqaret çəkməyə başladım. Yaxın ünvanda yaşayan bacanağım da gəldi. Əsmərin qanının dayanmadığını bildirdi. Nizami rayon Polis İdarəsinin yaxınlığında olan “Şərab evi”nin qarşısına getdim. Orada polis əməkdaşları tərəfindən saxlanılaraq idarəyə aparıldım”.
“Peşman olmuşam”
Təqsirləndirilən şəxs deyib ki, Əsməri öldürmək niyyəti olmayıb: “Hadisə zamanı Əsməri otaqda stolun üzərində olan böyük bıçaqla yox, kiçik bıçaqla vurmuşam. Sadəcə nalayiq ifadələrin təsirindən əsəbləşdim və hadisəni törətdim. Hadisənin baş verməsinə, belə bir vəziyyətə çatmasına səbəb Əsmərin mənə, valideynlərimin, ailə üzvlərimin ünvanına işlətdiyi söyüşlər olub. Bir anlıq özümü idarə edə bilmədim.
Neçə bıçaq zərbəsi vurduğumu xatırlaya bilmirəm. Bıçaq zərbələri vurarkən Əsmərin hamilə olduğunu bilirdim. Törətdiyim əmələ görə peşmanam”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Elnur 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.