22 Fevral 2023 17:12
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış vəkil Elçin Qəmbərovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Bu zaman Elçin Qəmbərov deyib ki, cinayət işi ilə tanışdır, anket məlumatlarının elan etməyə əsas yoxdur: "Mən hüquqlarımdan istifadə edirəm. İfadə verməkdən imtina edirəm".

Hakim isə deyib ki, hazırkı mərhələ ifadə vermək mərhələsi deyil, tərəflərin tanışlıq mərhələsidir.

Anket məlumatları dəqiqləşdiriləndə Elçin Qəmbərov deyib ki, hazırda vəkillik fəaliyyətinə xitam verilməyib.

Daha sonra Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlanma təcridxanasının rəisi Mehman Əhmədovun məhkəməyə göndərdiyi məktub elan olunub. Məktubda Elçin Qəmbərovun məhkəməyə gətirilib-aparılmasında çətinliklərin yaranması ilə bağlı, həmçinin Elçin Qəmbərovun öz istəyi ilə onun Bakı İstintaq Təcridxanasına köçürülməsi istənilib.

Məhkəmə Elçin Qəmbərovun Bakı istintaq təcridxanasına köçürülməsi barədə qərar qəbul edib. Qərar icra olunması üçün müvafiq quruma göndərilib.

Bundan sonra Elçin Qəbvırovun vəkili Leyla Namazzadə vəsatətlə çıxış edib. Onun ilk vəsatəti məhkəmə iclasının qapalı keçirilməsi ilə bağlı olub. Vəkil bildirib ki, cinayət halı təqsirləndirilən şəxsin peşə fəaliyyətinə aiddir. Qanunda peşə, ailə və kommersiya sirrinin yayılması yolverilməzdir.

Daha sonra vəkil təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib. Vəkil vəsatəti belə əsaslandırıb ki, təqsirləndirilən şəxs tərəfindən zərərçıkmişə dəymiş ziyan tam ödənilib, onlar barışıblar, zərərçəkmiş şikayətçi deyil.

Hakim zərərçəkmiş Elgün Şıxəliyevin məktubunu elan edib. Məktubda göstərilib ki, Elçin Qəmbərov tərəfindən ona dəymiş 510 min manat ziyan tam ödənilib. Bu səbəbdən o, təqsirləndirilən Elçin Qəmbərovdsn şikayətçi olmadığını, gələcəkdə də şikayəti olmayacağını qeyd edib.

Vəsatətlərə münasibət bildirən prokuror Ziya Mansurov deyib ki, təqsirləndirilən şəxsin əməlində peşə sirri ilə bağlı heç bir hal mövcud deyil. Prokuror prosesin qapalı keçirilməsinə qarşı çıxıb.

Prokuror həmçinin həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətə də etiraz edib, bildirib ki, onun təmin olunması üçün əsas yoxdur.

Prokuror cinayət işini məhkəmə baxışına verilməsini istəyib.

Müşavirə keçrirən hakim heyəti vəsatətləri təmin etməyib. Məhkəmə baxışı martın 7-ə təyin olunub.

Qeyd edək ki, Elçin Qəmbərov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. O, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili idi, “Mərkəz” Vəkil Bürosunun rəhbəri olub.

Elçin Qəmbərovun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham verilib.

Onun cinayət işi üzrə zərərçəkmiş qismində Elgün Mövlam oğlu Şıxəliyev tanınıb. O, ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyevin oğludur.

Elgün Şıxəliyev atası Mövlam Şıxəliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin başqa növ qətimkan tədbiri ilə əvəz olunması üçün Elçin Qəmbərova 500.000 manatdan yuxarı məbləğdə pul verib.

Elçin Qəmbərov Mövlam Şıxəliyevin barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi üçün yüksək vəzifəli tanışlarının vasitəsi ilə həll edəcəyinə vəd verib. Amma vədinə əməl etməyib.

Mövlam Şıxəliyev Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Mövlam Şıxəliyevin general-mayor rütbəsindən məhrum edilməsi ilə əlaqədar Prezidentə təqdimat göndərilməsi barədə qərar çıxarılıb.

Həmçinin Mövlam Şıxəliyevin və ailə üzvlərinə məxsus bir sıra əmlakların müsadirə olunması barədə qərar çıxarılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər