Artıq Bakıda yaşayış evlərində qeydiyyatsız yaşayan vətəndaşların cərimələnməsinə başlanılıb. Vətəndaşlar sosial şəbəkələrdə yazırlar ki, yaşadıqları mənzilə gələn polis əməkdaşları qayda pozuntusuna görə onları 30 manat məbləğində cərimə edirlər.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev sözügedən məsələ ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun icrasına nə zamandan başlanılıb?
- Bu günün, dünənin qanunu deyil. Qanun qüvvəyə mindiyi gündən icrasına da başlanılıb.
- Amma qanun indiyə qədər bugünkü kimi aktiv müzakirə olunmurdu...
- Orasını bilmirəm. Amma qanun 1999-cu ildən qüvvədədir.
- İndiyədək nə qədər vətəndaşa cərimə tətbiq olunub?
- Bunun statistikası yoxdur. Burada polis tərəfindən əsas məqsəd cəriməyə yönəlməyib, vətəndaşa xəbərdarlıq edilir. Çünki burada məsuliyyət var. Əgər vətəndaşlar olduqları yer üzrə qeydiyyata düşməsələr, polis əməkdaşları həm xəbərdarlıq, həm də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq şəxs barədə inzibati tənbeh tədbiri tətbiq edə bilər. Polis əməkdaşlarının əsas məqsədi şəxslərə xəbərdarlıq və bu cür neqativ əməllərdən uzaq olmağa çağırmaqdır.
Olduğu yer üzrə qeydiyyata düşmək vətəndaşın öz marağında olmalıdır. Çünki digər dövlət qurumları tərəfindən vətəndaşla bağlı sorğular daxil olur. Burada sorğular İcbari tibbi sığorta, evlənmə, boşanma, səfərbərlik, təhsil və sair kimi müxtəlif məsələlərlə bağlı ola bilər. Bu zaman vətəndaş daimi qeydiyyatda olduğu yer üzrə yaşamırsa, başqa yerə köçübsə və olduğu yer üzrə polisə məlumat verməyibsə, təbii ki, həmin şəxsi tapmaqda çətinlik yaranır. Ona görə də bu cür hallara yol verməmək vətəndaşın öz marağında olmalıdır.
Bu qanun dövlət qurumlarında vətəndaşla bağlı sənədləşmə işləri aparılanda həmin şəxsi tapmağa imkan verir. Tutaq ki, şəxsin daimi qeydiyyatı Lənkəran şəhərindədir, amma hansısa işlə bağlı 60 gündən artıq Gəncə şəhərinə köçüb. Bu zaman olduğu ərazi üzrə polisə məlumat verməlidir.
Birmənalı olaraq həmin şəxs yeddi günü ərzində olduğu yer üzrə polisdə qeydiyyatdan keçməlidir. Bu qayda hər bir vətəndaşa şamil olunur.
- Yerdəyişməyə görə cərimə Bakıda qeydiyyatda olub paytaxt daxilində başqa ərazilərdə yaşayan şəxslərə də aiddirmi? Məsələn, ərazi üzrə qeydiyyatda olan şəxs eyni ərazidə başqa bir evə köçsə, yenə qeydiyyata düşməlidir?
- İnzibati ərazilər üzrə məsələ də təxminən eyni qaydada tənzimlənir. Tutaq ki, şəxs Xəzər rayonunda daimi qeydiyyatdadır. Hər hansı səbəbdən Binəqədi rayonuna köçür. Bu zaman Binəqədi rayon ərazi üzrə polis orqanına məlumat verilməlidir. Əks təqdirdə həmin vətəndaşla bağlı hər hansı bir çatdırılma, sorğular Xəzər rayonuna daxil olacaq. Polis haradan bilə bilər ki, daimi qeydiyyatda olduğu rayonda tapılmayan şəxs Qazaxda qalır, yoxsa Binəqədidə, yaxud da əraziyə yaxın yaşayır, ya uzaq?
Bir qayda olaraq Xəzər rayonunun inzibati ərazisini tərk edirsinizsə və gedəcəyiniz yerdə 60 gündən artıq qalacıqsınızsa, mütləq qaydada yeddi gün ərzində həmin ərazi üzrə polis orqanına məlumat verməlisiniz.
- Yaşayış yeri üzrə qalmaqla bağlı məhdudiyyət varmı?
- Xeyr, belə bir qayda yoxdur. Olduğu yer üzrə qeydiyyata düşməklə şəxs orada yaşaya bilər.
Əgər vətəndaşın daimi qeydiyyatı varsa, o dərhal olduğu yer üzrə qeydiyyata alınır. Tutaq ki, yaşadığı evdə müvafiq sənədlər yoxdursa, o zaman şəxs yaxın qohumlarının evində qeydiyyata düşə bilər. Vətəndaşdan olduğu yer üzrə qeydiyyata düşməsi üçün müvəqqəti yaşadığı evin çıxarışı tələb olunmur. Prosedur belə tənzimlənir. Söhbət polisin inzibati binasında qeydiyyatdan çıxarılanlardan gedir.
- Yoxlama neçə vaxtdan bir təkrarlanır?
- İnzibati Xətalar Məcəlləsində qeyd olunub ki, əgər şəxs olduğu yer üzrə qeydiyyat qaydalarını pozursa, barəsində inzibati tənbeh tədbiri tətbiq olunur. Burada xəbərdarlıq edilmə də var.
Xəbərdarlığa məhəl qoymayan vətəndaşlar məsuliyyət daşıyır. Əgər vətəndaş yenə də qanunvericiliyə məhəl qoymayacaqsa, təkrarən barəsində məsuliyyət yaranacaq. Yəni qanunvericiliyə riayət etməyən vətəndaşlar məsuliyyət daşıyır, təkrar tədbir görüləcək.
- Ümumiyyətlə, hansı məsafədə yerdəyişmə yeni qeydiyyatı zəruri edir?
- Qanunda belə bir şey nəzərdə tutulmayıb.