15 Mart 2023 10:37
1 553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov Ali Məhkəməyə müraciət edib.

Teleqraf.com-un xəbərinə görə, o, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Eldar Həsənovun kasasiya şikayəti araşdırılması üçün hakim Rəşad Abdulovun icraatına verilib.

Məhkəmənin vaxtı hələki müəyyən edilməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldar Həsənov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, Eldar Həsənovun üzərinə həbs qoyulmuş əmlakları da müsadirə olunub.

Bakı Apellyasiya Məhkəmənin qərarı ilə Eldar Həsənovun apellyasiya şikayəti təmin olunmayıb.

Xatırladaq ki, ötən ilin oktyabrında Eldar Həsənovun övladları Anar Həsənov, Emilya Qurbanova və Səbinə Hüseynovanın adına olan əmlaklar geri qaytarılıb. Bu barədə qərar Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Bundan başqa, həmin qərarda Eldar Həsənovun həyat yoldaşı Elmira Həsənovanın adına olan əmlakların isə bir hissəsinə qoyulmuş müsadirə qərarı ləğv olunub.

İstintaq orqanı tərəfindən Eldar Həsənovun barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər