"Tərtər işi" ilə bağlı həbs edilən Rəşid Niftəliyev, Ramil Qarayev, Vüsal Ələsgərov və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun məruzəsi, Zeynal Ağayevin sədrliyi ilə Sumqayıt Məhkəmə Kompleksində baş tutan iclasda zərərçəkmiş, 1997-ci il təvəllüdlü Tural Məmmədov ifadə verib.
Hazırda gizir kimi xidmətdə olduğunu deyən Tural Məmmədov bildirib ki, hadisələr baş verən dövrdə əsgər olub: “Məzuniyyətdən qayıtmışdım, postda idim. Maskalılar gəlib bizi apardılar. Bizi tikanlı məftillərlə döyürdülər, suda boğurdular. Dişlərimə, qulaqlarıma tok verirdilər. Orada günahsız yerə çox adama xəsarət yetirdilər. Ya gərək, “vətən xainiyəm” deyərək boynuna götürəydin, canın qurtaraydı, onda da anan çölə çıxmayaydı, bacın məktəbə getməyəydi. Bizi elə vəziyyətə qoymuşdular ki, sonradan haqqımımızı tələb eləməyə də qorxurduq”.
Digər zərərçəkmiş Rəcəb Teymurovun sözlərinə görə, onu birbaşa korpus komandiri, general-mayor Hikmət Həsənovun yanına aparıblar: “Generalın gözü qarşısında dörd nəfər dəfərlərlə məni yuxarı qaldıraraq yerə çırpdılar. Günlərlə işgəncə altında saxladılar. Təhqir altında çörək verirdilər. Hikmət Həsənovun gözünün qarşısında döyülmüşəm”.
Daha sonra işgəncə nəticəsində həyatını itirən şəxslərin hüquqi varisi qismində tanınan ailə üzvləri məhkəmədə ifadə verib.
Mərhum leytenant Təmkin Quliyevin atası Nizami Quliyev bildirib ki, 2017-ci ildə oğlunun meyitini gətirənlər tələsik onu dəfn ediblər. Hətta həmin vaxt başqa rayonda olduğunu deyən hüquqi varis onun gəlməsini belə gözləməyiblər.
Nizami Quliyev qeyd edib ki, onlara Təmkinin pnevmaniya xəstəliyindən vəfat etdiyini deyiblər. Hüquqi varis söyləyib ki, “Tərtər işi” üzrə icraat yenilənəndən sonra müraciət edib: “Qəbir açıldı, ekshumasiya olundu. Məlum oldu ki, işgəncə ilə öldürülüb, fəqərələri, ayaq, əl barmaqları, başı üzərində xəsarətlər var. Meyiti gətirənlərdən biri də insan adına layiq olmayan qohumum idi, rütbəsi də polkovnik. Mənim oğlum igidliyinə görə öldürülüb. Yuxarı rütbəlilər elə igidləri sevmir. Aprel döyüşlərində oğlum neytral zonada qalan nə qədər meyitlərimizi çıxarmışdı. Oğlumla bağlı bizə göndərilən məktubların birində yazılmışdı ki, guya təcridxanada keçinib, birində də qeyd olunmuşdu ki, xəstəxananın reanimasiya şöbəsində keçinib”.
Nizami Quliyev oğlu da daxil olmaqla, hərbçilərə işgəncə verməklə, onların ölümünə səbəb olan şəxslərə qəsdən adam öldürmə, dövlətə xəyanət maddələrilə ittiham irəli sürülməsini istəyib. O həmçinin maddi durumu ilə əlaqədar vəkil tuta bilmədiyini deyib və məhkəmədən bu məsələnin həllində yardım istəyib. Hakim izah edib ki, məhkəmənin zərərçəkmişə dövlət hesabına vəkil təyin etmək səlahiyyəti yoxdur.
Lakin dəymiş ziyanın ödənilməsi tələbilə mülki iddia qaldırarsa, yaxud öz hesabına vəkil tutub, bunun təqsirləndirilən şəxslərdən tutulması tələbilə mülki iddia verərsə, məhkəmə bu məsələyə baxıb, sonda qərar çıxara bilər.
Tərtər hadisələri baş verən dövrdə manqa komandiri olmuş və işgəncə nəticəsində həyatını itirmiş daha bir hərbçi Süleyman Kazımovun həyat yoldaşı Zülfiyyə Kazımova da məhkəmədə ifadə verib. O, öncə məhkəməyə ərizə təqdim edib. Bildirib ki, himayəsindəki uşaqlarla əlaqədar gəlib-gedə bilməyəcək, ona görə də hüquqi varis qismində qaynı Əhəd Kazımovun tanınmasını istəyib. Məhkəmə bununla razılaşıb.
Zülfiyyə Kazımova ifadəsində bu cinayətdə rolu olan yüksək vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib: “Mənə Hikmət Həsənov, əmr verənlər lazımdır. Bir dəfə Hikmət Həsənov istintaqa, məhkəməyə çağrılmadı”.
Hüquqi varis qeyd edib ki, öncə onlara Süleyman Kazımovun şəhid olduğunu bildiriblər və daha sonra onun qəzada öldüyünü deyiblər: “Meyiti gətirənlər arasında Babək Səmidli də vardı. O, bizə boş kağıza imza atdırmaq istəyirdi. Bu gün ittiham olunanlar erməni ilə üz-üzə dayananlar olub. Ona cəsarətiniz çatırdı, amma birinizin cəsarətiniz çatmır ki, əmr verənlərin adını deyəsiz? Güllədən qorxmurdunuz, Hikmət Həsənovdan qorxursunuz?”.
İşgəncə nəticəsində həyatını itirən MAXE Elçin Quliyevin anası Validə Əhmədova bildirib ki, oğlu öncə ermənilərə casusluqda ittiham olunub, lakin öldüyünə görə Hərbi prokurorun müavini Şəfahət İmranovun qərarı ilə onun haqqındakı cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. O bildirib ki, 2021-ci ilin dekabrında bu iş üzrə icraat yenilənəndən sonra bəraət alanlardan biri də onun oğlu olub.
Validə Əhmədovanın sözlərinə görə, oğlunun yas mərasimi olan dövrdə hüzr məclisinə gələn insanların qarşısının kəsilməsi halları da olub: “Bir müddət sonra oğlumun üzərindəki ləkənin təmizlənməsi, həqiqətin üzə çıxması üçün araşdırmalara başladıq, müxtəlif qurumlara üz tutduq. Onun axtarışındaydım ki, uşağımın başına nə gəlib? Babək Səmidli məni nə qədər aldatdı. Onun qəbulunda bəlkə 10 dəfə olmuşam. Tərtər məhkəməsinin sədri İlqar Quliyevo qədər o aldatdı ki, araşdırma gedir. Elə vəziyyətdə idim ki, yolumu düz gedə bilmirdim. Mən 21 il evdə xəstə uşağa baxan qadın olmuşam. Birdən-birə başıma belə hadisə gəlib. Evdə iki torba məktub-teleqramlarım var. Zakir Qaralov rayona gəlmişdi, qəbuluna girdim, mənə dedi ki, yanımda yüksək çinli məmurların adını çəkmə. Sonralar çox hadisələr oldu, hərəni bir cür susdurdular”.
Validə Əhmədova üzünü təqsirləndirilən şəxslərə tutaraq deyib: “Biz də bilirik ki, siz əmr qulusunuz. Amma haqqı demək lazımdır. Mənə oğlum haqqında qərarı vermək üçün Hərbi Prokurorluqda 6 ay süründürdülər. Bu cinayətlərin başında həm də Hərbi Prokurorluğun rəhbərliyi dayanır. Onlar mayın 3-də cinayət işi başlayandan sonra bu ölümlər baş verib. Mənim oğlumu öldürənlər icraçılardan əlavə həm də Teymur Məmmədov, Hikmət Həsənov olub”.
Daha sonra Validə Əhmədova təqsirləndirilən Rüstəm Ələsgərova suallarını ünvanlayıb və oğlu ilə əlaqəsi haqda soruşub. Rüstəm Ələsgərov isə bildirib ki, Elçin Quliyevi ümumiyyətlə tanımayıb: “Mən mayın 1-də və 2-də hərbi hissənin qarşısında mühafizəçi olmuşam. Heç binanın içinə də daxil olmamışam. Elçin Quliyevi də tanımıram. Mən mayın 3-dən 5-nə qədər Tərtər Hərbi Prokurorluğunda olmuşam. Siz isə oğlunuzun mayın 3-də gətirildiyini deyirsiniz. Ölümlərin hamısını mənim üstümə qoyublar. Halbuki, bunların mənə qətiyyən aidiyyəti yoxdur. Mənim yerimdə Teymur Məmmədov oturmalıdır”.
Digər zərərçəkmişlərdən Zamin Yusifov şəxsən general Hikmət Həsənov tərəfindən təhqir olunduğunu, onun göstərişi ilə işgəncəyə məruz qaldığını deyib: “Cabir Qəhrəmanov və Sənan Maşıyev gəlmişdi. Dedilər ki, guya korpus komandiri Hikmət Həsənov onları yatmış yerdə tutub, cəzalandırıb, ona görə göndərib. Sən demə, bunlar məlumat toplamağa gəlibmiş. Sonradan bu hadisələr vaxtı Hikmət Həsənov mənə dedi ki, dalımca danışmısan. Sən demə, o zaman mənim səsimi yazıblar və Hikmət Həsənova veriblər. Hikmət Həsənov məni təhqir elədi. Komanda verdi ki, bunu danışdırın. And-aman elədim ki, mən heç nə eləməmişəm, nə casusluq? Döyürdülər, üstümə su töküb, sonra da toka verirdilər. Mənə zülm edirdilər. Teymur Məmmədov gəldi, məni o vəziyyətdə gördü, sakitləşdirdi, üstümü quruladı. Mənə dedi ki, korpus komandiridir, əsəbiləşib, səbrli ol. Bir müddət sakitlik oldu, sonra yenə başladı. Sonra elə işgəncələr olub ki, özümdən getmişəm. Sifətimdə, bədənimdə salamat yer yox idi”.
Zərərçəkmiş Vaqif Abdullayev deyib ki, onu 5-10 dəqiqə döyəndən sonra polkovnik Vüsal Ələsgərovun ayağının altına yıxıblar: “Bütün otaqlarda işgəncə gedirdi. İsabala Məmmədova paqonlarını vermişdilər ki, yesin. Hikmət Həsənov demişdi ki, kim boynuna almasa xəyanəti, onu minalı sahəyə göndərəcəyik. Məni Xanlar Vəliyev çağırdı, iki nəfər qoluma girərək apardı. Kompüterimə açıb baxdılar, gördülər ki, dediklərim doğrudur. İşgəncə sonradan nisbətən səngimişdi, əvvəlki kimi amansız deyildi. Sonradan Mingəçevirdəki hərbi hissəyə gətirəndə Hikmət Həsənov əmr verdi ki, məni qəfəsə salsınlar. Göstəriş verdi ki, mənim sözlərimə baxmasa, güllələsinlər. Dedi ki, lazım olsa, səni Qarabağ kanalına ataram, iki MAXE-ni də şahid göstərib deyərəm ki, xain idi, özünü öldürdü”.
Zərərçəkmiş Nizam Cəfərov bildirib ki, hərbçilərə qarşı “Əl-Qaidə” terrorçuları kimi davranırdılar, başlarını yuxarı qaldırmağa belə imkan vermirdilər: “Kişi kişiyə elə söyüşlər söyməz, nə olursa olsun, mən hələ işgəncələri bir tərəfə qoyuram. Mənim dişimi töküblər, dırnağımı çıxarıblar, toka veriblər. Guya tankın bir hissəsi ermənilərə satılıb, ondan mənə də pay çatıb. Elə hissəsidir ki, onu çıxarıb satmaq mümkün deyil. Bunu onlara başa salmaq olmurdu. Anama deyəndə ki, oğlun vətən xainidir, infarkt keçirib. Tələbim budur ki, haqq yerini tapsın”.
Qeyd edək ki, Rəşid Niftəliyev, Ramil Qarayev, Vüsal Ələsgərov və Rüstəm Ələsgərovun barəsində Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham verilib.
Bu cinayət işi üzrə 192 nəfər zərərçəkmiş qismində tanınıb.
2021-ci ilin dekabrında “Tərtər işi” üzrə istintaq yenilənəndən sonra işgəncələrə görə cinayət məsuliyyətinə cəlb olunanların sayı 17 nəfərə çatıb. Bir nəfər isə axtarışdadır.
İcraat yenilənəndən sonra zərərçəkmişlərin sayı da artıb və 452 nəfərə çatıb.
İcraat yenilənəndən sonra dövlətə xəyanət və başqa ağır ittihamlarla 20 ilə qədər həbs cəzasına məhkum edilmiş 19 nəfərin işinə yenidən baxılıb.
Onlar haqqında hökm 2022-ci ilin noyabrında ləğv edilib, işlər istintaqa qaytarılıb, 5 il sonra onlara bəraət verilib.