İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin rəisi Zaur Adilov və həmin idarənin Səyyar vergi yoxlamaları şöbəsinin rəisi Əjdər Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Əli Əliyevin icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə vətəndaşlardan rüşvət alan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin rəisi Zaur Adilov və həmin idarənin Səyyar vergi yoxlamaları şöbəsinin rəisi Əjdər Əliyevin qanunsuz əməlləri ifşa edilib.
Həyata keçirilmiş operativ əməliyyat tədbirləri nəticəsində cari ilin dekabr ayında Zaur Adilov və Əjdər Əliyevin qabaqcadan əlbir olaraq Məhdud Məsuliyyətli Cəmiyyətdə səyyar vergi yoxlamasının keçirilməməsi müqabilində külli miqdarda rüşvət istəmələri və almalarına əsaslı şübhələr müəyyən edilib.
Təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.3-cü ( külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.