2 May 2023 14:05
3 552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində 1996-cı il təvəllüdlü Səmayə anasının sevgilisi Vahidə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayında baş verib.

Səmayə anası Vüsalənin qeyri-rəsmi yaşadığı Vahidin sərxoş vəziyyətdə evin pəncərə şüşələrini sındırmasına, anası ilə mübahisə etməsinə görə əsəbləşib. O, mətbəx bıçağı ilə Vahidin kürək nahiyəsinə zərbələr vurub.

İstintaq orqanı Səmayənin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səmayə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, gündəlik qazancını əyləncə tədbirlərində uşaq klonu kimi işləməklə əldə edib: “Vahidi təxminən 15 ildir tanıyıram. Anamla qeyri-rəsmi ər-arvad kimi birlikdə yaşayır. Tez-tez spirtli içki içir, sərxoş halda anamla mübahisələr edirdi. Bununla bağlı anam və mən əvvəllər də polisə müraciət etmişik”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü, saat 23 radələrində Vahid yenə sərxoş vəziyyətdə ortaq tanışı Rasimlə birlikdə onların evinə gəlib: “Özüylə 2 litrlik pivə də almışdı. Evimizdə bizimlə söhbət edə-edə pivə içdi. Bir qədər sonra Vahidlə anamın arasında mübahisə yaransa da, onları sakitləşdirdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, telefonunun balansını artırmaq üçün evdən çıxaraq terminalın yanına gedib: “Telefonuna kontur vurduqdan sonra evimizə qayıtdım. Vahidin binanın həyətində səs-küy saldığını, Rasimin isə onu sakitləşdirməyə çalışdığını gördüm. Vahidə sakitləşməsini deyib evə keçdim. O isə arxamca məni və anamı nalayiq ifadələrlə təhqir etdi. Evə girəndə qonaq otağının pəncərəsinin sındırıldığını gördüm.

Daha sonra Vahid anama zəng edərək nalayiq ifadələrlə onu təhqir etdi. Telefonu alıb Vahiddən bizdən əl çəkməyi tələb elədim. Bu dəfə də məni, həmiçinin anamı nalayiq ifadələrlə təhqir etdi. Onun sakitləşmədiyini görüb evin mətbəxindən bıçağı götürdüm və binanın həyətinə çıxdım.

Həyətdə Vahid yenidən məni və anamı təhqir etdi. Ondan təhqirləri dayandırmasını tələb elədim. O, isə “yaxşı edirəm, get işinlə məşğul...” deyərək həyətdəki su ilə əlini yudu. Vahidin məni və anamı bezdirdiyinə, nalayiq ifadələrlə bizi təhqir etdiyinə görə onun bədəninə bir neçə dəfə bıçaqla zərbə endirdim. Zərbənin təsirindən Vahid yerə yıxıldı və bədənindən qan axmağa başladı”.

Səmayə deyib ki, sonra əməlindən peşman olub və şoka düşərək oturub ağlamağa başlayıb: “Bir qədər sonra 103 xidməti həmin yerə gəldi. Həkimlərə kömək etdim və Vahidi ambulansa mindirərək xəstəxanaya apardıq. Özüm əməlindən peşman olaraq xəsarət yetirdiyim bıçaqla birlikdə Gəncə şəhər Baş Polis İdarəsinə getdim və təslim oldum”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Vahidin sözlərinə görə, rəsmi olaraq heç bir yerdə işləmir, gündəlik qazancını avtomobil yuyaraq əldə edir: “Təxminən 15 ildir Vüsalə ilə qeyri-rəsmi ər-arvad kimi yaşayırıq. Vüsalənin qızı Səmayə də bizimlə birlikdə qalır. Səmayə ilə münasibətlərim qaydasında olub”.

Zərərçəkmiş qeyd edib ki, hadisə günü saat 17 radələrində dostu Rasimlə “Piramida” şadlıq sarayının yaxınlığında yerləşən kafedə araq, pivə içiblər, yemək yeyiblər: ”Təxminən saat 21 radələrinədək yeyib-içdikdən sonra kafedən çıxdıq. Vüsalə ilə telefonla danışdım, evə nə lazım olduğunu soruşdum və biz marketə getdik. Marketdən 2 litrlik pivə, həmçinin ərzaq məhsualları aldım və Rasimlə Vüsaləgilə yollandıq.

Səmayə ilə anası Vüsalə evdə idi. Yenə orada pivə içdik, söhbət etdik. Mənimlə Vüsalə arasında mübahisə yaransa da, Səmayə ilə Rasim bizi sakitləşdirdilər”.

Zərərçəkmiş deyib ki, Səmayə kontur almaq üçün evdən çıxıb: “Səmayə getdikdən sonra mən də Rasimlə birlikdə evdən çıxdıq. Texnologiya Universitetinin qarşısına çatdıqda, telefonda Vüsalə ilə danışdım. Yenə mübahisə elədik. Sərxoş olduğum üçün geri qayıtdım. Evə daxil olduqda Vüsalə ilə təzədən mübahisəmiz düşdü. Əsəbiləşərək yumruqla evin pəncərəsini sındırdım. Buna görə Vüsalə məni evdən çölə çıxardı, qapını örtdü.

Mən isə binanın həyətinə çıxdım, həmin vaxt əlim qanadı. Rasim də arxamca yanıma gəldi. Əlimin qan olduğunu gördü və nə baş verdiyini soruşdu. Olanları ona danışdım və əsəbi olduğum üçün ucadan nalayiq ifadələr səsləndirdim.

Bu vaxt Səmayə də gəldi və mənə sakitləşməyi deyib evə keçdi. Onun anasının tərəfini saxlaması məni daha da əsəbiləşdirdi. Vüsaləyə zəng edərək nalayiq ifadələrlə onu təhqir etdim. Səmayə dəstəyi götürərək, onlardan əl çəkməyimi istədi. Mübahisəmiz davam elədi. Səmayə yanıma gələrək bir daha sakitləşməyimi istədi. Sağ qolumun yuxarı hissəsindən vuraraq "burdan get" dedi. Həyətdə su ilə əlimi yudum. Səmayə mənə yaxınlaşaraq bədənimə bir neçə dəfə bıçaqla zərbə endirdi. Zərbənin təsirindən yerə yıxıldım və bədənimdən qan axmağa başladı”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Səmayənin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.

Ona 2 il 6 ay sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər