Sumqayıtda 7 yaşlı uşağın ölümünə səbəb olmaqda ittiham olunan idman müəllimi Mehman Xəlilovun barəsində həbs qətimkan tədbirin seçilməsi ilə bağlı istintaq orqanını təqdimatına baxılıb.
Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə baş tutan iclasda qərat elan olunub.
Qərara görə, istintaq orqanının təqdimatı təmin olunub və Mehman Xəlilovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bu ilin aprelin 29-da 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq orqanı tərəfindən Mehman Xəlilovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda istintaq davam edir.
Qeyd edək ki, Mehman Xəlilov Sumqayıt şəhərində yerləşən 19 saylı orta məktəbdə sambo idman növü üzrə tədris keçib.