“Tərtər işi” üzrə ittiham olunan daha 4 nəfər - Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.
Teleqraf.com-un xəbərinə görə, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası mayın 23-nə təyin edilib. Cinayət işinə Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə baxılacaq. Cinayət işi üzrə 186 nəfər zərərçəkmiş qismində tanınıb
. Qeyd edək ki, 2017-ci ildə bir qrup azərbaycanlı hərbçi Ermənistan xüsusi xidmət orqanlarına casusluq etməsi şübhəsi ilə Azərbaycan hüquq-mühafizə orqanları və ordunun vəzifəli şəxslərinin göstərişləri ilə Tərtər və ətraf ərazilərdə işgəncələrə məruz qalıb.
Qeyri-rəsmi mənbələrdə işgəncəyə məruz qalan şəxslərin əhatə dairəsinin 1000-dan çox olduğu bildirilir. Həmin şəxslərin ailələri və cəmiyyətin ictimai basqısından sonra “Tərtər işi”nin istintaqı 2021-ci ildə təzələnib. Məlum olub ki, vətənə xəyanətdə itiham olunan şəxslərin çoxu günahsızdır və onların əksəriyyəti bəraət alıb. Bir neçəsinə ölümündən sonra bəraət verilib.
Xatırladaq ki, Tərtər hadisələri ilə bağlı hazırda daha iki məhkəmə prosesi davam etdirilir. Aralarında general-mayor Bəkir Orucovun da olduğu 9 nəfər iki ayrı icraatda mühakimə olunur. İki iş üzrə zərərçəkmişlərin sayı 250-dən çoxdur. Bununla da rəsmi olaraq ittiham olunanların sayı 13, zərərçəkmişlərin sayı 440-ı ötüb.