Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin Bakı şöbəsinin sabiq rəis müavini Fəxrəddin Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Hafiz Əliyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası mayın 31-nə təyin edilib.
Qeyd edək ki, Fəxrəddin Quliyevin qanunsuz əməlləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
İbtidai istintaq zamanı Fəxrəddin Quliyevin qeyd olunan vəzifədə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı edərək Dövlət Gömrük Komitəsi tərəfindən vətəndaşlardan götürülərək saxlanılmasına nəzarət üçün ona etibar edilmiş 70 min manatdan artıq özgə əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Fəxrəddin Quliyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə Dövlət Gömrük Komitəsi zərərçəkmiş qismində tanınıb.