22 İyun 2023 16:09
3 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda 1982-ci il təvəllüdlü Pərviz ailə münaqişəsi zəminində anası Səbinəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə bu il fevralın 17-də baş verib. Pərviz həmin gün anası Səbinə ilə ailə münaqişəsi zəminində mübahisə edib. Mübahisə zamanı anasını döyərək ona xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Pərvizin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirimə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pərviz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Cəlilabad rayonun Göytəpə şəhərində yaşayır: “Özüm “Kamaz” yük avtomaşının sürücüsü işləyirəm. Həyat yoldaşım Könül əslən Yardımlı rayonundabdır. Eyni zamanda dayım qızıdır”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Könüllə 2008-ci ildən evlənib: “Ailəmlə birlikdə mərhum atama məxsus evdə anam Səbinə ilə yaşayırıq. Birgə ailə həyatından bizim 4 azyaşlı övladımız var. Yük avtomaşının sürücüsü və reysdə olduğum üçün 10 gündən bir evə gəlirəm. Yorğun olduğum üçün istirahat vaxtı evdə olanda arabir araq içirəm”.

Pərviz deyib ki, fevralın 17-də, təxminən saat 18 radələrində evdə çörək yeyib və təxminən 150-200 qram araq içib: “Bundan sonra həyat yoldaşım iradlarını bildirdi ki, son vaxtlar evə baxmıram, guya Gəncədən hansısa bir əxlaqsız qadınla tanış olub, onu saxlayıram. Arvadıma etiraz etdim, elə bir işin olmadığını bildirdim. Mövzü üstündə aramızda bərk mübahisə düşdü.

Arvadımla səs-küylü mübahisəni həyətə iş görən anam eşitdi. Arvadımla olan mübahisəmizin arasına girdiyi üçün spirtli içkili vəziyyətdə olduğuma görə əsəblərimi cilovlaya bilmədim. Anamın bu hərəkətinə görə yumruqla onun ağzından bir zərbə vurdum. Anamın alt dodağı partladı. Arvadımın mobil telefonu ilə Yardımlı rayonunda yaşayan qardaşına zəng vurdu, hadisə barədə ona məlumat verdi.

Bunu gördükdə əsəbimdən həmin telefonu və arvadımın cehizlik şifonerin taxta qapılarını sındırdım. Sonra qorxumdan evdən çıxaraq küçədə gizləndim ki, anamın şikayətinə görə polislər məni tapa bilməsinlər. Lakin səhəri günü polis əməkdfaşları evə gəldi və məni Göytəpə polis bölməsinə dəvət etdilər”.

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Səbinənin sözlərinə görə, təqsirləndirilən şəxs onun böyük övladıdır: “Ondan başqa iki qızım var. Onları köçürmüşəm. Pərvizin ailəsi mənimlə birlikdə ata evində yaşayır. Həyat yoldaşı Könül həmçinin qardaşım qızıdır. Oğlum yük avtomobil sürücüsüdür, spirtli içkiyə meyillidir. Son zamanlar evə baxmır, çörək gətirmir və tez-tez həyat yoldaşı ilə evdə mübahisə edərək dalaşır. Hətta eşitdiyimə görə, Gəncədən bir əxlaqsız qadınla tanış olub, başı ona qarışıb, bütün xərclərini ona verir və arvadını hər dəfə evdən qovmaq istəyir”.

Zərərçəkmiş qeyd edib ki, fevralın 17-də, təxminən saat 18.00-da həyətdə iş görərkən evdə gəlini Könülün əri Pərvizlə mübahisə etməsini eşdib: “Evə gəldim ki, Pərviz içkili vəziyyətdədir, arvadının hücüm çəkərək onu döymək istəyir. Üstünə qışqırır ki, evdən getsin, evə başqa arvad gətirəcək. Onların arasına girdim ki, oğlumun gəlinimi döyməsinə imkan verməyim. Bu anda Pərviz oğula yaraşmayan ən təhqiramiz, nəlayiq söyüşlərlə söyüb məni təhqir etdi. Sonra yumruqla ağzımdan, dodağımın sol küncündən bərk zərbə vurduğu üçün dodağım patladı”.

Zərərçəkmiş deyib ki, bundan sonra oğlu əsəbindən gəlininin evdə olan cehizlik şifonerin taxta qapılarını sındırıb: “Bu hərəkətləri gördükdə dərhal Könülün mobil telefonu ilə Yardımlıya zəng vurdum, qardaşım oğluna, həmçinin gəlimin qardaşına məlumat verdim. Xahiş etdim ki, dərhal özünü bizə çatdırsın. Pərviz bunu eşidən kimi Könülün telefonunu taparaq sındırdı, sonra evdən qaçdı. Bir neçə saatdan sonra qardaşım oğlu bizə gəldi. Məni və gəlinimi götürərək Göytəpə polis bölməsinə apardı. Orada bir ana olaraq öz övladımdan polisə şikayət ərizəsi yazdım”.

Bu cinayət işinə Cəlilabad rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Pərvizin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər