8 Yanvar 2015 11:51
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində “Mur-Ay” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dələduzluqda təqsirləndirilən sədri Elxan Hüseynov, onunla birlikdə ittiham olunan digər şəxslərin apelyasiya şikayəti və Baş Prokurorluğun verdiyi apelyasiya protesti əsasında yenidən məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, “Mur-Ay” MMC-nin sədri Elxan Hüseynov və qeyriləri qabaqcadan əlbir olub cəmiyyət tərəfindən Yeni Yasamal massivində inşa edilən yaşayış binalarındakı mənzilləri bir neçə dəfə ayrı-ayrı şəxslərə satmaqla külli miqdarda pul vəsaitlərini ələ keçirərək dələduzluq əməli törədiblər.

Cinayət işi üzrə təqsirləndirilən şəxslər “Azərbaycan” Nəşriyyatında direktor müavini vəzifəsində işləmiş Qalib Məmmədbəyli, “Mur-Ay” MMC-nin sədr müavini Bəybala Sultanov, “Mur-Ay” MMC-də mühasib vəzifəsində işləyən Novruz Muxtarov, cəmiyyətin direktoru Elxan Hüseynovun qeyri-rəsmi köməkçisi işləmiş Vaqif Söhbətov, cəmiyyətdə satış üzrə menecer işləyən Səhriyar Ağayev, Seyfəddin Səfərov və şirkətin sədri Elxan Hüseynovdur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elxan Hüseynov 15 il , Qalib Məmmədbəyli 10 il, Novruz Muxtarov 11 il, Vaqif Söhbətov 12 il, Səhriyar Ağayev 11 il, Seyfəddin Səfərov 10 il, Bəybala Sultanov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Qalib Məmmədbəyli barəsində bəraət hökmünün çıxarılmasını, digər təqsirləndirilən şəxslər cəzalarının yüngülləşdirilməsini istəyiblər.

Həmçinin hökmdən Baş prokurorluqda apelyasiya şikayəti verərək təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyiblər. Prokurorluq həmçinin zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın ödənilməsini tələb edib.

Bir müddət əvvəl tərəflərin şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılıb və tərəflərin şikayəti təmin edilməyib. Tərəflər qərardan Ali Məhkəməyə kasasiya şikayəti veriblər. Ali Məhkəmədə işə baxan hakimlər şikayətdə cəzanın ağırlaşdırılması ilə bağlı tələb olduğu üçün şikayətə yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edib.

Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri dəqiqləşdirilib. Məhkəmə prosesi yanvarın 18-də davam etdiriləcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər