Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən araşdırılan ibtidai istintaq zamanı İran İslam Respublikası vətəndaşı Talebian Oveis Nemat saxlanılıb.
Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən Teleqraf.com-a verilən xəbərə görə, buna səbəb onun alkoqollu içkilər üçün nəzərdə tutulmuş 27491 ədəd saxta aksiz markalarını satış məqsədilə əldə etməsidir.
Oveis Talebian istintaqa məlum olmayan mənbədən əldə etdiyi saxta aksiz markalarını özünün idarə etdiyi “Dong Feng” markalı 77B819-10/77B820-10 qeydiyyat nömrəli yük avtomobilinin kabinəsində sürücünün oturacağının altında gizlədərək 18 sentyabr 2014-cü il tarixdə İran İslam Respublikasına aparmaq məqsədilə Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük postunun ərazisinə gətirib.
Dövlət sərhədini keçərkən gömrük əməkdaşları tərəfindən Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 92 və 99-cu maddələrinə əsasən yük avtomaşınına baxış keçirilib və gizlədilmiş 27491 ədəd saxta aksiz markaları aşkar edilərək götürülüb.
Qeyd olunan cinayətin O.Talebian tərəfindən törədilməsi ibtidai araşdırma zamanı toplanmış təkzibolunmaz sübutlarla – ilkin sənədlər, şahid ifadələri, ekspertiza rəyləri və digər istintaq dəlilləri ilə tam təsdiqini tapıb. İstintaq zamanı Talebian Oveis Nemat oğlu təqsirli bilinərək ona Azərbaycan Respublikası CM-nin 205-1-ci maddəsi ilə ittiham elan olunub, barəsində Yasamal Rayon Məhkəməsinin 4 dekabr 2014-cü il tarixli qərarına əsasən “həbs” qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ittiham aktı Respublika Baş Prokurorluğunda təsdiq olunmuş və iş baxılması üçün məhkəməyə göndərilib.
Naibə QURBANOVA