Suriyada silahlı birləşmə tərkibində döyüşməkdə ittiham olunan Bəxtiyar Şıxıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Bəxtiyar Şıxıyev 10 il azadlıqdan məhrum edilib.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən beynəlxalq terrorçuluqla mübarizə istiqamətində apardığı kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan vətəndaşı, 1989-cu il təvəllüdlü Şıxıyev Bəxtiyar Səttərxan oğlunun ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşayiət olunan, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının Rifil-muhandis qəsəbəsində xüsusi hazırlıq düşərgəsində təlimlər keçməsinə, müxtəlif odlu silahlardan istifadə qaydalarına yiyələnərək “Cundul Şam” adlı qanunsuz silahlı dəstənin fəaliyyətində iştirakına əsaslı şübhələr müəyyən edilib.
DTX-də başlanılan cinayət işi üzrə Bəxtiyar Şıxıyev şübhəli şəxs qismində saxlanılaraq Azərbaycan Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratma, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub.