27 Sentyabr 2023 16:59
1 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rüşvət almaqda təqsirləndirilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) kasasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.

Teleqraf.com xəbər verir ki, məhkəmə baxışı dekabrın 6-na təyin edilib.

Qeyd edək ki, Əjdər Cəbiyevin şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. İş araşdırılması üçün hakim Tahir Kazımovun icraatına verilib.

Xatırladaq ki, bu ilin avqustun 4-də Əjdər Cəbiyev Ali Məhkəməyə müraciət edib. O, cəzasının yüngülləşdirilməsini istəyib.

Şikayət onunla əsaslandırılıb ki, məhkum istintaq dövründə iş üzrə dövlətə dəymiş 600 min manata yaxın ziyanı tam ödəyib, həmçinin səhhəti ilə bağlı narahatlıq yaşayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əjdər Cəbiyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarə ilə Əjdər Olun cəzası 3 aya qədər azaldılıb.

İttihama görə, Əjdər Cəbiyev xidməti vəzifələrinin icrası ilə əlaqədar külli miqdarda pul vəsaitini rüşvət qismində istəyərək alıb.

Qulluq mövqeyindən istifadə edərək külli miqdarda dövlət vəsaitini mənimsəyib.

Əjdər Cəbiyev sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovla əlbir olaraq müxtəlif şəxslərdən ümumilikdə 327 min manatdan artıq vəsaiti rüşvət qismində alıb.

Bundan başqa nazirliyin tikilməkdə olan obyektlərini kurasiya edərkən qulluq səlahiyyətlərindən istifadə edərək şəhid ailələri və Qarabağ əlilləri üçün Gəncə və Mingəçevir şəhərlərində alınan mənzillərə görə artıq pul köçürməklə 262 min manat büdcədən pul silinməsinə nail olub.

Həmin pulları nazirliyin inzibati binasında tikintilərdən məsul şəxs olan Natiq Əzizov vasitəsi ilə əldə edib.

Əjdər Cəbiyevə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.

Əjdər Cəbiyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

O, nazirliyin sabiq aparat rəhbəri olmaqla yanaşı yazıçı kimi fəaliyyət göstərib.

Əjdər Cəbiyev sabiq nazir Səlim Müslimovun rəhbərlik etdiyi dövrdə işləyib.

Səlim Müslümovun cinayət işi ayrıca icraatda araşdırılır.


Müəllif: Hacı Zeynalov