12 Oktyabr 2023 15:10
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nyu Layf” reabilitasiya mərkəzində narkomaniyadan əziyyət çəkən şəxslərə işgəncə verməkdə, onlardan biri Hüseyn Məmmədovun ölümündə təqsirləndirilən mərkəzin məsləhətçisi Fərhad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan iclasda hökm elan edilib.

Fərhad Əliyev 6 il azadlıqdan məhrum edilib.

İttihama görə, Fərhad Əliyev mərkəzin rəhbəri Orucəli Heydərov, mərkəzin işçiləri - Elvüsal Hüseynov, Famil Rzayev, Sərxan Əliyev və Qənbər Həsənov ilə cinayət əlqəsinə girib. Onlar mərkəzdə müalicə alan narkotik vasitələrin aludəçisi olmuş şəxslər – Hüseyn Məmmədov, Cahangir Əliyev, Kamran Əliyevə işgəncə veriblər.

Onlar narkomaniyadan əziyyət çəkən bu şəxsləri girov saxlayıblar, onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.

Baş verən hadisələr nəticəsində həmin şəxslərdən biri – Hüseyn Məmmədovun ölümünə səbəb olublar.

Reabilitasiya prosesində bütün dünyada narkotik, alkoqol asılılığının müalicəsində tətbiq olunan “12 addım” proqramından yararlanıblar. Mərkəzdəki qaydalara, əmrlərə tabe olmayan şəxslərə qarşı zorakılıq edilib.

Cinayət işinin materiallarında göstərilib ki, “Nyu Layf” Reabilitasiya Mərkəzində müalicə kursu keçən onlarla pasiyentin hər birindən 1500 manatdan 6600 manata qədər ödəniş alınıb.

“Nyu Layf” Reabilitasiya Mərkəzi Binəqədi rayonu, Novxanı qəsəbəsinin bağlar massivindəki evlərdən birində yerləşib.

Araşdırmalar zamanı məlum olub ki, xeyli vaxt reklamı gedən, pasiyentlərin gəldiyi mərkəzin ümumiyyətlə lisenziyası yoxdur.

İstintaq orqanı tərəfindən Fərhad Əliyevin barəsində Cinayət Məcəlləsinin 133.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən əzab vermə), 133.2.6-cı (işgəncə verməklə törədildikdə), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, bu məcəllənin 145.1 və ya 145.2-ci maddələrində göstərilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.

Qeyd edək ki, cinayət işində adı keçən Orucəli Heydərov, Elvüsal Hüseynov, Famil Rzayev, Sərxan Əliyev və Qənbər Həsənovun cinayət işi ayrıca icraatda araşdırılıb.

Bu şəxslərin də cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə baxılıb. Famil Rzayev 8 il, Orucəli Heydərovla Elvüsal Hüseynovun hər biri 7 il və Sərxan Əliyevlə Qənbər Həsənov isə hər biri 6 il müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər