16 Yanvar 2015 16:12
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları əməkdaşlarının iştirakı ilə 2014-cü ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Teleqraf.com xəbər verir ki, müşavirədə hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru Əziz Seyidov bildirib ki, 2014-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan müasir məzmunlu siyasət tədbirləri nəticəsində ölkə həyatının bütün sahələrində böyük irəliləyişlərə, müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, vətənimizin iqtisadi qüdrətinin artırılması ilə nəticələnən möhtəşəm sosial-iqtisadi inkişaf göstəricilərinə nail olunmuş, hüquqi və demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində görülən işlər yeni müstəviyə qaldırılıb.

Bildirilib ki, hesabat dövründə şəhərin prokurorluq orqanları tərəfindən cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində paytaxtın digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək bir çox nailiyyətlər əldə olunub.

Müşavirədə şəhər prokurorunun müavini Azər Əsgərov, şəhər prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Mircavan Kazımov və rayon prokurorları çıxış edərək hesabat ilində cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlər barədə ətraflı məruzə etmiş, prokurorluğun fəaliyyətinin səmərəliliyinin daha da artırılması, mövcud nöqsanların aradan qaldırılması barədə konkret təkliflər irəli sürüblər.

Əməliyyat müşavirəsinə yekun vuran şəhər prokuroru Əziz Seyidov əmin olduğunu bildirmişdir ki, şəhər prokurorluğunun kollektivi öz qüvvələrini səfərbərliyə almaqla, bundan sonra da digər əlaqədar hüquq mühafizə orqanları ilə birlikdə dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunması, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcəkdir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər