1 Noyabr 2023 14:01
3 145
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda 1950-ci il təvəllüdlü Rəcəb şagirdi Səmaya (adlar şərti verilib – red.) əxlaqsızlıq edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Rəcəb cinsi ehtirasını təmin etmək üçün 2022-ci il noyabrın əvvəllərində Nizami rayonundakı mənzilində fərdi olaraq təşkil etdiyi dərnəkdə rəsm dərsi alan on altı yaşına çatmamış Səmaya qarşı cinsi yaxınlıq edib.

İstintaq orqanı tərəfindən Rəcəbin barəsində Cinayət Məcəlləsinin 153.1-ci (on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə, habelə həmin şəxsi cinsi zorakılıq hərəkətləri və ya seksual fəaliyyəti müşahidə etməyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəcəb ittiham üzrə özünü təqsirli bilməyib. Bildirib ki, uzun illər rəsm müəllimi işləyib: “2015-ci ildən təqaüdə çıxmışam. Təqaüdə çıxandan sonra yaşadığım evin yaxınlığında kursda rəsm müəllimi işləməyə başlamışam. COVID-19 pandemiyası ilə əlaqədar ölkədə karantin elan olunanda kurslar bağlandı. Bir müddət işsiz qaldıqdan sonra 2021-ci ilin sentyabrından yoldaşım Seyrana məxsus mənzildə rəsm dərsləri keçməyə başladım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, zərərçəkmiş Səma oktyabr ayında anası ilə onun yanına kursa yazılmağa gəlib: “Mənim yanıma dərsə gələnlərin hamısı tanışım və dostlarımın uşaqları idi. Hər qrupda 3-4 nəfər olurdu, biz ailə kimi idik. Yanıma gələn uşaqlara hər bir şeyi izah etsəm də, rəssamlıq bacarıqlarının olmadığını görürdüm. Lakin Səmanın əl qabiliyyətini görəndə anladım ki, istedadlıdır. Bunu onun anasına da dedim.

Səma akademiyaya qəbul olmaq istədiyindən ona müxtəlif qrafik işləri verdim. Hər dərs onu təriflədim. Bir müddətdən sonra Səma dərsə vaxtında gəlməməyə, gecikməyə başladı. Bir dəfə onun içəri daxil olduğunu gördüm, əlimlə onu saxlamağa çalışdım. Ondan bu saatda, hamının evə getdiyi vaxtda niyə dərsə gəldiyini soruşdum.

Səma kiməsə hədiyyə verəcəyini, kətan üstündə rəsm çəkəcəyini bildirdi və içəri keçib əyləşərək rəsm çəkməyə başladı. Uşaqların əl işlərini yoxlayanda onun başını aşağı salaraq rəsm çəkdiyini gördüm. Yaxınlaşıb ondan “mənə acıq eləmisən” soruşdum. Əlimi Səmanın boynunun altına salaraq yuxarı qaldırdım və başından öpdüm. Ona oturub rəsmini çəkməsini və xətrini nə qədər çox istədiyimi bildirdim. Sonra uşaqların yanına gedərək işlərini yoxladım. Səma heç nə deməyərək dərsdən sonra getdi və daha dərsə gəlmədi”.

Rəcəb deyib ki, Səmanın rəsm çəkməyinə kömək edəndə, taxta lövhəni onun qucağından götürəndə ola bilsin ki, əli onun ayağına dəyib: “Səmaya qarşı hər hansı əxlaqsız hərəkət etməmişəm. Onu nəvəm kimi gördüyüm üçün, həmçinin talantlı bir rəssam kimi qiymətləndirdiyim üçün öpmüşəm. Mənim 74 yaşım var”.

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Səmanın sözlərinə görə, çəkməyi sevdiyi üçün anası ilə birlikdə rəsm müəllimi axtarıblar: “Tanışlarımın çoxu Rəcəb adlı müəllimi təriflədilər, anamla birlikdə onun dərs dediyi ünvana gedib danışdıq.

Həftədə iki dəfə Rəcəb müəllimin dərs dediyi ünvana gedirdim. Kursda məndən başqa tanımadığım 4-5 qız tələbə də olurdu. Bizim dərsimiz təxminən 2 saat çəkirdi. Dərsə mən təxminən saat 14 radələrində gedirdim”.

Zərərçəkmiş qeyd edib ki, sentyabr ayında o, 8 dərs Rəcəb müəllimin yanına gedib: “Rəcəb müəllim mənə qarşı heç bir şübhəli və ya pis hərəkətlər etməyib.

Oktyabr ayında bir neçə dərsdə Rəcəb müəllim guya mənə rəsm çəkməyimə düzəliş edirmiş kimi yanımda əyləşdi, əlini çiynimə qoyaraq məni qucaqladı. Onun bu hərəkətləri niyə etdiyini başa düşmədim. Həmin vaxt dərsdə digər şagirdlər də vardı. Onların bunu görüb-görmədiyini bilmirəm”.

Səma ifadəsində göstərib ki, noyabr ayında dərsə gələndə Rəcəb müəllim giriş-çıxış qapısında dayanaraq əlləri ilə qapını tutub və onu içəri buraxmayıb: “Məni qucaqlamamış dərsə buraxmayacağını bildirdi. Mənm də niyə bunu etdiyini bilmədiyimdən yanından keçmək istədikdə içəri girməyimə imkan vermədi. Axırda məni qucaqladı, üzümdən öpdükdən sonra içəri buraxdı.

Lövhəni dizimin üstünə qoyaraq rəsm çəkəndə Rəcəb müəllim mənə guya rəsm öyrədirmiş kimi yanıma oturdu, əli ilə ayağımı sığalladı. Mən də sərt reaksiya verdikdə əlini tez çəkdi”.

Zərərçəkmişin ifadəsinə görə, noyabr ayının sonlarında dərsə gəlib və işlərini görüb: “Mən ayaq üstə durub lövhədə rəsm çəkdim. Dərsdə tanımadığım şagirdlər də vardı. Anidən Rəcəb müəllim arxadan məni qucaqlayaraq iki əli ilə sinəmi sıxmağa başladı. Əlimlə onu itələdim. Amma o məni buraxmadı. Ayağımla ayağının üstünə vurdum ki, geri çəkilsin”.

Zərərçəkmiş bildirib ki, Rəcəb müəllim ondan geri çəkilməyib, onu daha çox sıxıb: “Şagirdləri çağırdıqda məni buraxdı. Mən qışqıraraq onu özümdən ayırmaq istəsəm də, şagirdlərdən utandığım üçün səsimi çıxarmadım. Bundan sonra bir daha dərsə getmək istəmədim. Anamdan qorxduğum üçün bu barədə xalama danışdım.

Anam biləndə şikayət etdi”.

Bu cinayət işinə Nizami rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Rəcəb hər ay qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 1 il 11 ay 22 gün müddətinə islah işləri cəzasına məhkum edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər