Tanınmış plastik cərrah Türkan Gündüzü qətlə yetirməkdə təqsirli bilinən həyat yoldaşı, Türkiyə vətəndaşı Muhammet Gündüzün cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Fəhmin Hümbətovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası dekabrın 21-nə təyin edilib.
İttihama görə, hadisə bu il mayın 7-də Novxanı qəsəbəsində baş verib. 1982-ci il təvəllüdlü Türkan Gündüzün ölməsinə dair Abşeron rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla 1967-ci il təvəllüdlü Türkiyə vətəndaşı Muhammet Gündüzün aralarında yaranmış mübahisə zamanı arvadı Türkanə Gündüzə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Qətlə yetirilən Türkan Gündüz tanınmış həkim olub. O, ölümünə qədər klinikalardan birində plastik cərrah kimi fəaliyyət göstərib.