21 Yanvar 2015 12:45
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul dövriyyəsində ittiham olunan Kürdəmir rayon sakini Kamil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, əvvəllər məhkum olunmuş Kamil Məmmədovun saxta manat əldə edərək satmaq istəməsi barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olduqdan sonra dərhal əməliyyat axtarış tədbirlərinə başlanılıb.

Polis əməkdaşları Kamil Məmmədovu paytaxtın Nizami rayonu Qara Qarayev prospektində yerləşən “Ləzzət otağı” kafesində saxlayıblar. Kamil Məmmədov 200 ədəd saxta 100 manatlıq əsginasları 4 min Amerika dollarına satarkən cinayət başındaca tutulub. Onun üstünə baxış zamanı əlavə olaraq 56 ədəd 100 manatlıq, 4 ədəd 50 manatlıq saxta pul əsginasları aşkar edilərək götürülüb. Bundan əlavə Kamil Məmmədov satış nəticəsində əldə etdiyi 4 min həqiqi Amerika dollarını da əməliyyatçılara təqdim edib.

Saxlanılan şəxs ifadəsində bildirib ki, saxta manatları ölkəmizdən kənarda hazırlatdırıb və dövriyyəyə daxil etmək üçün gizli yolla Bakı şəhərinə gətirib. Saxta pul nümunələrinə baxış zamanı əsginasların xüsusi peşəkarlıqla hazırlandığı, həqiqi manatdan bir o qədər seçilmədiyi müəyyən olunub.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Kamil Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər