Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, dekabrın 29-da Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baş tutan iclasda şahid qismində Hərbi Hava Qüvvəllərinin “N” saylı hərbi hissələrinin maliyyə xidmətlərinin rəisləri ifadə veriblər.
İlk əvvəl şahid qismində ifadə verən Maqsud İsgəndərov bildirib ki, 2013-cü ildən hərbi xidmətdədir.
Onun sözlərinə görə, 2018-ci ilin iyul ayında hərbi hissədə maliyyə mənimsəmələrinə yol verilib: “Mən özüm də bu işlərin iştirakçısı olmuşam. Maliyyə işləri ilə bağlı hesablar açılırdı, pullar həmin hesaba köçürülürdü. İşləri həll edirdik, əlavə faizləri də rəislərə təqdim edirdik”.
Şahidin sözlərinə görə 2018-ci ildən 2020-ci ilin dekabrın 17-ə kimi onun rəisi Cəlal Kazımov olub. Tabe olduğu xidmət rəisi ilə sifarişlər razılaşdırılıb: “Bu razılaşmaya görə, şəxsi heyətin ehtiyacları ilə bağlı vəsaitləri artıq, şişirdilmiş qaydada yazırdıq. Əlimizdə "ölü kart"lar var idi. Həmin kartlara maaş köçürürdük. Amma kart sahibləri mövcud deyildi. Ad və soyadlar qeyd etməklə "ölü kart"lara əməkhaqlarının köçürülməsi üçün sənədlər hazırlayırdıq. Həmin pullar da bizim tərəfimizdən götürülürdü. Bunları rəislərimiz bilirdilər, amma heç nə demirdilər. Çünki faiz alırdılar”.
Maqsud İsgəndərov deyib ki, bu işlərin üstü açılandan sonra işlədiyi hərbi hissədə maliyyə yoxlamaları aparılıb: “Maliyyə Nazirliyinin apardığı yoxlama zamanı 945 min manat mənimsəmə faktı müəyyən edildi. Bununla bağlı istintaqda akt tərtib olundu. Yoxlamalarda şəxsən özüm iştirak etmişəm, tərtib olunan akta imza atmışam. Aktda yazılan mənimsəmə faktı ilə istintaq zamanı razılaşmışam”.
Maqsud İsgəndərov bildirib ki, özünə aid mənimsəmə faktının 350 min manat olduğunu Dövlət Təhlükəsizliyi Xidmətində istintaq aparılan zaman qəbul edib. Mənimsənilən vəsaitin 131 min manatını istintaq dövründə ödəyib.
O, qalan məbləği ödəmək üçün də öhdəlik götürdüyünü deyib. Qeyd edib ki, yaxın zamanlarda mənimsənilən qalan məbləği də ödəyəcək.
Suallara cavab verən şahid deyib ki, hərbi hissədə açılan maliyyə hesabına köçürülən pul onlar tərəfindən bölüşdürülüb: “Biz hər ay 35-65 faiz arasında işlər görmüşük. Pulun 65 faizi rəis Cəlal Kazımova çatdırdım. Qalan 35 faiz isə mənim özümə qalırdı”.
Bu zaman arayış verən təqsirləndirilən Cəlal Kazımov bildirib ki, rəqəmlər şişirdilib və ittiham aktına yazılıb: “Çünki rəsmi sənədlər məhv edilib. Bütün bunlar ehtimallar əsasında yazılıb. Mən yazılan faizləri qəbul etmişəm. Amma rəqəmlərdən xəbərim yoxdur. Çünki rəqəmlərin dəqiq olması üçün rəsmi sənədləri müəyyən etmək lazım idi. Bunu üçün də uzun vaxt lazım idi. Bütün bunlar olmadı. Ehtimallar əsasında rəqəmlər şişirdilərək yazıldı”.
Şahid Maqsud İsgəndərov daha sonra bildirib ki, hərbi hissədə təftişə gələn Füzuli Ələkbərli ondan çatdırılması üçün pul istəyib və bunun yuxarının tapşırığı olduğunu deyib: “Füzuli Ələkbərliyə iki dəfəyə - 135 min manat bir, 141 min manat isə bir vermişəm. Onun dediyinə görə, həmin pulları Cəlal Kazımova çatdırıb”.
Cəlal Kazımov isə deyib ki, həmin vəsaitlərindən onun xəbəri olmayıb. Təqsirləndirilən şəxs bildirib ki, o dövrdə nazirin əmri ilə iş yeri Naxçıvana dəyişdirilib və qeyd edilən vəsaitlərin onun tərəfindən alınması mümkün deyildi.
Digər şahid Ayaz Əliyev deyib ki, 2018-2019-cu illərdə hərbi hissədə maliyyə xidmətinin rəisi işləyib. Hazırda başqa bir hərbi hissədə maliyyə xidmətinin rəisi işlədyini söyləyən şahidin sözlərinə görə, əvvəlki hərbi hissədə mənimsəmə faktlarına yol verib.
Kovid xəstəliyi keçirdiyini deyən şahid əlavə edib ki, hazırda dəqiq heç nə xatırlamır, yaddaşını itirib. İstintaq zamanı verdiyi ifadəsini təsdiqləyən şahidin sözlərinə görə, orada yazılanlar həqiqəti əks etdirir: “Nə qədər məbləğin mənimsənilməsi, kimə nə verilməsini unutmuşam. Mənə aid mənimsənilən puldan 80-90 min manatını ödəmişəm. Onu bilirəm ki, hesaba köçürülən pulun 65 faizi geri qaytarırdıq. Həmin faiz Cəlal Kazımova çatırdı”.
Cəlal Kazımov deyib ki, Hərbi Hava Qüvvəllərinin hərbi hissəsinin açılışı olacaqdı: “Böyük tədbir idi. Amma işlər yarımçıq qalmışdı. Hərbi hissəyə elektrik belə çəkilməmişdi. Ramiz Tahirov tapşırdı ki hərbi hissənin açılışı olacaq, generator alınmalıdır. Mən də ayrılan vəsaitləri hərbi hissənin bu işlərinə xərclədim. Çünki bu işlərin görülməsi üçün gözləməyə vaxt yox idi. Hərbi hissənin açılışına Prezident gələcəkdir. Biz bu işləri yüksək səviyyədə qısa zamanda həll etdik ki, hər şey qaydasında olsun”.
Növbəti proses yanvarın 12-də davam edəcək.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.