Şirvan şəhər prokurorunun köməkçisi İlyas Hüseynov Teleqraf.com-a bildirib ki, hadisə yerində araşdırma aparılır. Onun sözlərinə görə, aparılan araşdırmaların sonunda cinayətin səbəbləri məlum olacaq.
İlyas Hüseynov qeyd edib ki, cinayəti törədən şəxs və ya şəxslərin kimliyi də müəyyən edilməyib: “Hadisə yerini müayinə edirik. Hələ ki cinayəti törədən şəxs və ya şəxsləri müəyyən etmək mümkün olmayıb”.
Prokuror köməkçisi bildirib ki, mərhumların hansı səbəbdən qətlə yetirilməsi müəyyən edilməyib: “Bu araşdırmaların sonunda məlum olacaq. Araşdırma aparılmadan dəqiq bir söz demək mümkün deyil”.
***
Şirvan şəhərində dəhşətli cinayət hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Şirvan şəhər Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, hadisə şəhərin Rəsulzadə küçəsində yerləşən evlərdən birində baş verib. Şirvan şəhər sakini Araz Kişiyev və onun gəlini Sevinc Balakişiyevanın başı kəsilmiş meyitləri tapılıb.
Dərhal hadisə yerinə Şirvan şəhər Polis Şöbəsi və prokurorluq əməkdaşları gəlib. Hadisə yerində araşdırma aparan hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətin kim və hansı səbəbdən baş verməsini araşdırırlar.
Hadisənin pul üstündə baş verdiyi ehtimal edilir.
Hadisə ilə bağlı Şirvan şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov