Gəncə şəhərində bir ailənin üç üzvünü bıçaqlayan həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, yanvarın 21-də Gəncə şəhərində yaşayan Fərail Abbasovun yaşadığı evə gəlmiş kürəkəni - şəhər sakini İntiqam Rəhimov münaqişə zəminində F.Abbasova, onun arvadı Xublara və oğlu Təbrizə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.
Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Rəhimov tutulub.
Qeyd edək ki, Gəncə şəhərinin DOS 102 adlanan ərazisində bıçaqlanma olub. Gəncə şəhər sakini, İnqilab Rəhimov ailə münaqişəsi zəminində qayınatası, 1963-cü il təvəllüdlü Fərail Abbasovu və qaynı, 1993-cü il təvəllüdlü Təbriz Abbasovu bıçaqlayıb.
Hər iki şəxs müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər 22 yaşlı Təbriz Abbasovun vəziyyətinin ağır olduğunu bildirirlər.
Abbasovlar ailəsi İnqilab Rəhimovla qızları arasında narazılıq olduğuna görə övladlarını öz evlərinə gətiriblər. Barışmaq üçün qayınatasıgilə gedən İnqilab Rəhimov münaqişə zəminində qayınatası və qaynını bıçaqlayıb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Hacı Zeynalov