Bakıda külli miqdarda qanunsuz narkotik saxlamaqda ittiham olunan meyxanaçı, "Mahir Ay Brat" ləqəbi ilə tanınan Mahir Qonşuyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com-un xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə məlum olub ki, Mahir Qonşuyevin müdafiəsinə yeni vəkil qoşulub.
Vəkil cinayət işi ilə tanış olması üçün məhkəmədən vaxt istəyib. Bu səbəbdən növbəti məhkəmə iclası yanvarın 30-a təyin edilib.
Qeyd edək ki, meyxanaçının saxlanılarkən üzərində metamfetamin aşkar edilib. Həmçinin onun sosial şəbəkələrdə gənclər və yeniyetmələr arasında cinayətkarlığı təbliğ edən musiqili meyxanalar paylaşdığı müəyyən edilib.
Mahir Qonşuyevə qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.