Model Raziyyat (Razi) Əliyevaya qarşı zorakılıqda ittiham olunan Ziya Hüseynzadənin barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Cövdət Mehrəliyev ittiham aktını elan edib.
İttihamdan göstərilib ki, 2022-ci ilin avqust ayında Ziya Hüseynzadə sevgi münasibətində olduğu Raziyyat Əliyevanın kişilərlə münasibət qurub, ona xəyanət etdiyini müəyyən edib. Buna görə həmin vaxt Raziyyat Əliyevanın əllərini bağlayıb, ona xəsarətlər yetirib.
Bundan başqa, Ziya Hüseynzadə həmin ilin dekabr ayında yenə də Raziyyat Əliyevanın başqa kişilərlə münasibətdə olması barədə məlumat əldə edib. O, Raziyyat Əliyevanın yaşadığı Şərifzadə küçəsində yerləşən evinə gəlib. Özündə olan bıçağı Raziyyat Əliyevaya nümayiş etdirib və onu öldürməklə hədələyib.
Həmçinin Ziya Hüseynzadə həmin ilin dekabr ayının müxtəlif günlərində Raziyyat Əliyevaya işgəncə verib.
Daha sonra Ziya Hüseynzadə birgə yaşadıqları dövrdə Raziyyat Əliyevaya bahalı hədiyyələr alması, birgə xarici səfərlərdə getməklə vəsait xərclənməsini bəhanə gətirib, ona aldığı 185 min manat dəyərində "Mercedes" markalı avtomobili hədə-qorxu yolu ilə geri tələb edib.
Ziya Hüseynzadə Raziyyat Əliyevanın anası Xadijat Əliyevanın Qaradağ rayondakı evində olduğunu müəyyənləşdirib. O, gecəyarısı həmin ünvana gedərək, Raziyyat Əliyeva və Xadijat Əliyevanın ünvanına nalayiq ifadələr işlədib.
İstintaq sənədlərində qeyd olunub ki, 2023-cü ildə Raziyyat Əliyevaya məxsus avtomobili oğurlamaqla ona 94 min manat ziyan vurub.
İttihama münasibət bildirən Ziya Hüseynzadə özünü təqsirli bilməyib.
Bundan sonra hakimlər məhkəmə istintaqının aparılması qaydasının müəyyən edilməsi barədə tərəflərin fikirlərini öyəriblər. Prokuror deyib ki, əvvəlcə təqsirləndirilən şəxs dindirilsin, daha sonra zərərçəkmişlər və şahidlərin dindirilməsi ilə məhkəmə prosesi davam etdirilsin. Zərərçəkmiş şəxslərin vəkilləri də prokurorun mövqeyi ilə razı olduqlarını deyiblər.
Lakin təqsirləndirilən şəxsin vəkilləri buna etiraz ediblər. Deyiblər ki, hüquqlarını müdafiə etdikləri Ziya Hüseynzadə özünü təqsirli bilmir. Bu səbəbdən vəkillər əvvəlcə zərərçəkmişlərin və şahidlərin, daha sonra isə təqsirləndirilən şəxsin dindirilməsini istəyiblər.
Ziya Hüseynzadə də əvvəlcə zərərçəkmiş və şahidlərin dindirilməsini istəyib: "Mənim hər bir epizod üzrə günahsızlığımı sübut edən faktların var. Kimlər bu ittihamı mənə yapışdırıb, əvvəlcə onlar ifadə versinlər. Şahidlər danışsın, sonda özüm ifadə verəcəm".
Məhkəmə qərara gəlib ki, əvvəlcə zərərçəkmişlər, ardınca şahidlər, daha sonra isə təqsirləndirilən şəxsin dindirilməsi ilə məhkəmə araşdırılması davam etdirilsin.
Növbəti proses yanvarın 31-də davam edəcək.
Ziya Hüseynzadə Cinayət Məcəlləsinin 133 (əzab vermə), 177.3 (oğurluq – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə), 182.3.2 (hədə-qorxu yolu ilə tələb etmə), 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 221.1 (xuliqanlıq) və başqa maddələrilə ittiham olunur.
Ziya Hüseynzadə keçmiş Baş nazir Novruz Məmmədovun qohumu olduğun iddia edilir.
Ziya Hüseynzadənin cinayət işi üzrə zərərçəkmiş qismində Raziyyat Əliyeva, Xadijat Əliyeva, Gülnar İsayeva zərərçəkmiş qismində tanınıblar.
Qeyd edək ki, Raziyyat Əliyeva 2017-ci ildə Azərbaycan gözəli seçilib.
Xatırladaq ki, Ziya Hüseynzadə biznes fəaliyyəti ilə məşğul olub. O, “PKF Audit Azerbaijan” MMC-yə rəhbərlik edir.