16 Fevral 22:11
1 652
12 Punto 14 Punto 16 Punto 18 Punto

İctimai fəal Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Bəxtiyar Hacıyev öncə vəsatət qaldırıb.

O, xətşünaslıq ekspertizasının keçirilməsini istəyib. Onun sözlərinə görə, cinayət işinin materiallarında bir sıra şəxslərin ifadə və imzaları saxtalaşdırılıb.

Bəxtiyar Hacıyev müstəntiq Pünhan Əbilov, həkim-ekspert Cahangir İsmayılovun adlarını çəkib. Deyib ki, iş materiallarında bu adamların müxtəlif protokollarda imzaları var və imzalar bir-birinə uyğun gəlmir: “Cinayət işinin başlanması haqda qərarda Pünhan Əbilovun imzası var. O imza ilə onun Bakı şəhər Baş Polis İdarəsində şahid qismində dindirilməsi barədə protokoldakı imza tamam fərqlidir. Eləcə də Cahangir İsmayılovun adından atılmış imzalar. Bunlar o qədər fərqlidir, kitabla qələm kimi, alma ilə banan kimi”.

Amma hakimlər xətşünaslıq ekspertizası keçirmək barədə vəsatəti təmin etməyiblər.

Bəxtiyar Hacıyevin işində zərərçəkmiş qismində tanınan iki nəfər - bloger Ülviyyə Muradova (Alovlu) və Yasamal rayon Məhkəməsinin icra məmuru Orxan Abdullayev yenə də məhkəməyə gəlməyib. İctimai fəal və vəkili vəsatət verib ki, onlar haqqında məcburi gətirilmə qərarı çıxarılsın.

Hakim Əli Məmmədov deyib ki, bir daha onlara məhkəmə bildirişi göndərəcəklər, yenə gəlməsələr, məcburi gətirilmə məsələsinə baxıla bilər.

Ülviyyə Alovlunun məhkəmədə nümayəndəsi Sevda Məhərrəmova vəsatət qaldırıb ki, təmsil etdiyi şəxs dindiriləndə məhkəmə qapalı keçirilsin. Bildirib ki, onun şəxsi həyatına aid məsələlərin mediaya çıxmasını istəmirlər.

Buna Bəxtiyar Hacıyev etiraz edib. Deyib ki, məhz Ülviyyə Alovlu onun şəxsi həyatına aid bir çox məsələləri ictimailəşdirib, ona qarşı qarayaxma kampaniyasının iştirakçısı olub, vəfat etmiş yaxını haqda nalayiq fikirlər yayıb. Hətta onun valideynlərilə telefon danışığı zamanı səslərini gizli şəkildə yazıb, saytlara ötürüb: “O, zərərçəkən deyil, zərərvurandır, məni şərləyib. O, öz yalanlarının üzə çıxmasından qorxmursa, gəlsin bura. Mən də çalışacağam ki, səbrlə ona suallarımı verim”.

Hakimlər də Ülviyyə Alovlu dindiriləndə məhkəmə iclasının qapalı keçirilməsinə əsas görməyib.

Bu məsələlərin müzakirəsindən sonra Bəxtiyar Hacıyev ətraflı ifadə verib.

Onun sözlərinə görə, Yasamal rayon Məhkəməsində Ülviyyə Alovlu ilə aralarında baş vermiş insidentdən onu cəzalandırmaq məqsədilə istifadə olunub. O deyib ki, o hadisədə heç bir təqsiri yox idi və bu, videogörüntülərdən də aydın görünür: “Bu hadisə ilə əlaqədar cinayət işi başlanmış, sonra xitam verilmişdi. Məni həbs eləmək məsələsi ortaya çıxanda yenilədilər. Bu məsələ ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Vüqar Ələkbərovla dəfələrlə görüşlərim olmuşdu. O bildirmişdi ki, görüntüləri yaxınlaşdırıb baxıblar, günah onda yox, Muradovadadır. Amma qadındır deyə, ona qarşı addım atmaq istəmirlər. Çünki nazirin də göstərişi var ki, xanımlarla bağlı məsələdə daha həssas yanaşılsın”.

Bəxtiyar Hacıyev vurğulayıb ki, həbsdə olduğu müddətdə ona qarşı irəli sürülmüş qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, çirkli pulların yuyulması kimi ittihamlar da əsassızdır.

Növbəti proses martın 1-də davam edəcək.

Qeyd edək ki, Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs olunub. O zaman ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülmüşdü. Onunla bloger Ülviyyə Alovlu arasında Yasamal rayon Məhkəməsində insident baş verdiyi iddia olunur. İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə də güc tətbiq edib.

İyunun 16-da Bəxtiyar Hacıyevə qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə - ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.

Noyabrda isə ona daha bir ittiham verilib. Ona qarşı Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.

Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir.

Bəxtiyar Hacıyevin işi üzrə iki nəfər zərərçəkmiş qismində tanınıb – bloger Ülviyyə Muradova (Alovlu) və Orxan Abdullayevdir.

Adları çəkilən şəxslərin hər iksi Yasamal rayon Məhkəməsində baş vermiş insidentlə bağlı zərərçəkmiş qismində tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər