Gülağa Şərbətovun qolunu məhkəmə salonunda qandalladılar
Lənkəran Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə saxtakarlığında ittiham olunan Beyləqan rayon sakini, 1969-cu il təvəllüdlü Gülağa Şərbətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Gülağa Şərbətov 19 yanvar 2005-ci ildən 21 oktyabr 2013-cü ilədək Beyləqan rayon Mil Bələdiyyəsinin sədri vəzifəsində işlədiyi müddətdə qulluq mövqeyindən istifadə edərək külli miqdarda özgənin əmlakını mənimsəyib. O, bələdiyyənin sədr müavini Arif Məmmədovun və mühasib Əbülfət Əliyevin xəbərləri olmadan 2011-2013-cü illərdə guya işlədiklərinə görə onlara əməkhaqqı yazıb. Bələdiyyə sədri Arif Məmmədovun adına 492 manat, Əbülfət Əliyevin adına 492 manat pul vəsaiti ayrılması barədə 21 yanvar 2013-cü il tarixli kassa məxaric orderi tərtib edib. Bundan əlavə, o, 2013-cü ilin fevral ayından başlayaraq may ayınadək həmin işçilərin adına bilərəkdən artıq pul yazaraq ümumilikdə 4538 manat mənimsəyib.
Təqsirləndirilən şəxs cinayətkar əməllərini davam etdirərək bələdiyyə ərazisində faktiki olaraq qum və çınqıl daşınmadığı halda guya belə bir işin aparıldığı adı ilə rəsmi sənədlərə bilərəkdən yalan məlumat daxil edib. Gülağa Şərbətov sürücülər Məhəmmədəli Rzayevin adına 298 manat, Mikayıl Bəyalıyevin adına 292 manat, Allahverdi Əliyevin adına 160 manat, Tofiq Teymurovun adına 480 manat rəsmiləşdirərək pulları mənimsəyib.
Bundan əlavə, Gülağa Şərbətov qum-çınqıl daşınması adı altında kənd sakinləri Arif Məmmədovun, Zaur Hacıyevin, Hüsən Abdullayevin, Neman və Əlisafa Mehtiyevlərin və digər şəxslərin imzalarını saxtalaşdıraraq ümumilikdə 954 min manat məbləğində bələdiyyə büdcəsindən pul vəsaitinin ayrılmasına nail olub və həmin pul vəsaitini ələ keçirib.
Sabiq bələdiyyə sədri Mil qəsəbə sakinləri İlqar Əhmədova, Rövşən Bayramov, Ayaz Xəlilov, İlqar Qurbanov, Əlisafa Mehtiyev, Oruc Əliyev və Çingiz Hacıyevə guya maddi yardım edilməsinə dair 25 aprel 2013-cü il tarixli akt tərtib edib. O, rəsmi sənədləri saxtalaşdıraraq 490 manatı mənimsəyib.
Gülağa Şərbətov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilib.
Hakim Nizami Quliyevin sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Gülağa Şərbətov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində ev dustaqlığı qəti imkan tədbiri ləğv edilib və məhkəmə zalından həbsxanaya aparılıb.
Hacı Zeynalov