2 Aprel 14:01
2 434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar rayonunda 1975-ci il təvəllüdlü Şirvan qısqanclıq zəminində yaranan mübahisə zəminində həmkəndlisi Soltanı (adlar şərti verilib – red.) öldürüb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Şirvanla bacısı Vüsalənin 1972-ci il təvəllüdlü əri Soltan arasında əvvəllər çöl torpaq sahəsini geri istəməsi səbəbindən 2022-ci ilin təxminən noyabr-dekabr aylarında mübahisə yaranıb.

Mübahisə zamanı Soltanın qəfildən ona keçmiş arvadı Təhminə ilə uzun illər öncə cinsi əlaqədə olmasını deməsini, daha sonra bu səbəbdən ailədə yaranmış söz-söhbətlərin nəticəsində arvadı ilə boşanmasında onu təqsirkar bilib.

Şirvan onun əməllərini şəxsi və ailə ləyaqətinə toxunan, nüfuzdan salan qəbul edilməz hərəkət kimi qiymətləndirib, qisas məqsədilə onu öldürmək qərarına gəlib. O, uzun müddət cinayətkar niyyətini həyata keçirməyi planlaşdırıb. Özündə olan ov tüfənginin lüləsini 2023-cü ilin aprelin sonlarında kustar üsulla kəsərək qısaldıb. Mayın 24-də saat 9 radələrində əvvəlcədən istintaqa məlum olmayan mağazadan aldığı və üzərində gəzdirdiyi 6 patrondan 2-sini odlu silahın patronluğuna yerləşdirib.

O, odlu silahı və mətbəxdən götürdüyü bıçağı götürərək Soltanın olduğunu güman etdiyi Biləsuvar rayonunun kəndində yerləşən əkin sahəsinə tərəf gedib.

Şirvan yolda motosikletlə gələn Soltanın qarşısında dayanıb. Soltanın motosikletdən endiyini görəndə gödəkçəsinin altında saxladığı qoşalüləli tüfənglə yaxın məsafədən onun baş nahiyəsinə atəş açıb. Ardınca daha bir atəş açaraq Şirvanın döş qəfəsinin və qarının ön divarının boşluqlara keçməyən xəsarətlər yetirib, sonra hadisə yerindən uzaqlaşıb.

Hadisə yerinə gələn şəxslərin köməkliyilə ilkin tibbi yardım göstərilmək üçün avtomobillə xəstəxanaya aparılarkən Soltan yolda ölüb.

“Hadisəni etiraf etdi”

İstintaq orqanı tərəfindən Şirvanın barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 229.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şirvan ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O bildirib ki, arvadı Təhminə hadisədən bir müddət əvvəl ondan boşanıb: “Yeznəm Soltan öz oğluna mənə qayınım qızını, yəni arvadım Təhminənin qardaşı qızını almaq istəyirdi. Təhminə mənim bu işdə vasitəçilikdən imtina etməyimi istədi.

Təhminənin bu işə maneçilik törətdiyini Soltan biləndə ona “sənə təcavüz etməyimi Şirvana deyəcəm” söyləmişdi.

Bu səbəbdən arvadım mənimlə boşanmaq qərarına gəldi, məhkəməyə müraciət etdi. Soltan arvadım Təhminəyə təcavüz etdiyini deyəndən sonra Bakı şəhərinə getdim. Təhminədən bu barədə maraqlandım. O da ağlayaraq hadisəni etiraf etdi”.

“Peşman deyiləm”

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Soltanı öldürmək qərarına gəlib və hadisəni törədib:

“Soltanın sahədə olduğunu öyrəndim. Sahəyə gedib tüfənglə Soltanın başından və qarnından atış açdım. Həmin vaxt tək olmuşam, heç kəs mənə kömək etməyib.

Soltan hadisə yerində öldü. Əsəbim soyumadığı üçün onun orqanlarını da kəsdim. Soltan məndən qüvvətli olduğuna görə sağ ikən ona yaxınlaşa bilmirdim. Tüfəngi əvvəllər Soltanın özündən əldə etmişəm. Hadisəni eşidəndən sonra tüfəngin lüləsini laqonda ilə kəsməklə hazırlıq gördüm. Borclarımı ödədikdən sonra hadisəni törətdim.

Soltanı bir ay ərzində güddüm. Onun sahədə olduğunu mənə heç kim deməmişdi. Sahəyə gedərkən yolda traktor gördüm, işarə edib saxlatmaqla traktora minib sahəyə getdim. Hadisədən sonra da bir az piyada getdikdən sonra yenə traktor gəldiyini gördüm. Həmin traktora minib kəndə qayıtdım. Törətdiyim əməldən peşman deyiləm”.

“Pulu verə bilmədi”

İş üzrə zərərçəkmiş Soltanın hüquqi varisi qismində ifadə verən qardaşı Musanın sözlərinə görə, Şirvanla qardaşı Soltan arasında torpaq sahəsi üstündə narazılıq yaranıb:

“Hadisədən 6-7 ay əvvəl qardaşım Soltan Şirvana və qardaşlarına məxsus torpaq sahəsini 6000 manata almaq barədə onunla razılaşdı. O, qardaşım Şirvana 2000 manat verdi, pulun qalan hissəsini isə sonra verəcəyini bildirdi. Aralarında sənədləşmə olmadı, sonra pulun qalan hissəsini verə bilmədi. Bu səbəbdən Şirvan torpaq sahəsini başqasına satmaq istədiyini bildirdi. Bununla bağlı icra nümayəndəsi mənə zəng edərək görüşdük.

Şirvan həmin torpaq sahəsini başqa şəxsə satıb getmək istədiyini, lakin qardaşımın onunla razılaşmadığını bildirdi. Bu barədə qardaşıma bildirdim. Soltan həmin torpaq sahəsinə pul verdiyini və orada əkin əkdiyini dedi”.

“Qardaşımın öldüyünü dedi”

Zərərçəkmiş şəxsin hüquqi varisi deyib ki, 15 yanvar 2023-cü ildə Şirvan kənd sakini Məhərrəm və qardaşı Soltanla birlikdə toyda olduqları zaman onun qardaşına böhtan ataraq qızı və digər şəxslərlə gəzdiyini deyib: “Buna görə qardaşım Şirvanı vurdu. Səhərisi gün onlar polis şöbəsinə dəvət olundular, orada barışaraq buraxıldılar.

Mayın 24-də saat 08.50-də maşınımla öz sahəmə getdim. Yolda Şirvanı gördüm. Şirvan qardaşım oğlundan motosikleti alaraq öz sahəsinə getdi.

Sahədə olduğum zaman qardaşım zəng edərək Şirvanın sahəyə gedərək özünü yandırmaq istədiyini bildirdi. Qardaşıma “mən nə edim?” deyə sual verdim. Sonra sahəmdən qayıdaraq evə getdim. Saat 10.13-də qardaşım Vasif zəng edərək Şirvanın Soltanı sahədə güllələdiyini dedi, sahəyə gəlməyimi istədi.

Yolda qardaşım Soltanın xəstəxanaya aparıldığını eşitdim. Şirvanın həyətinə getdim. Onun həyətdə olduğunu və polis şöbəsinin əməkdaşları tərəfindən aparıldığını gördüm. Xəstəxananın cərrahına zəng etdim. Cərrah mənə qardaşımın öldüyünü dedi”.

“Əxlaqsız hərəkətləri barədə səslər atdı”

İş üzrə şahid qismində ifadə verən Təhmənin sözlərinə görə, Şirvan Soltanı namus üstündə, ona qarşı olan haqsızlığa görə öldürüb: “Mənim Soltanla hər hansı münasibətim olmayıb. 21 yaşım olarkən Soltan mənə təcavüz etmişdi. Bunu qaynanam da bilirdi. Amma tapşırdı ki, bu hadisəni heç kimin bilməsin. Bu hadisə bilinsə, ailədə qan düşəcək. Bu səbəbdən heç kimə heç bir söz demədim.

Həyat yoldaşım Şirvan Bakı şəhərində ustalıqla məşğul olurdu. Hadisədən təxminən 19 il sonra Şivan bacısının, yəni Soltanın evini təmir etmək üçün Bakı şəhərindən Biləsuvar rayonuna gəldi. Soltanın qızı Vəfa atasının ona qarşı əxlaqsız hərəkətləri barədə Şirvanın telefonuna səslər atdı. Səslərə Şirvanla mən də qulaq asdım.

Şirvan bu barədə Soltana bildirəndə o “öz qızımdı, özüm bilərəm” cavabını verdi. Bundan sonra Soltan Şirvana söz atmağa başladı. 2022-ci ilin noyabrında Bakı şəhərində evdə olduğum zaman Şirvan evə gəldi. Soltanın ona “sən kişi deyilsən, sənin arvadın Təhminə ilə cinsi əlaqədə olmuşam” deməsini bildirdi. Şirvan belə bir hadisənin olub-olmadığını soruşdu.

Mən də məcbur qalıb hadisəni ona danışdım. Bundan sonra məhkəməyə boşanma ərizəsi verdim. Bəlkə boşanacağım halda Şirvanın Soltanla işi olmayacağını fikirləşdim. Boşanma zamanı səbəbini göstərmədim. Sadəcə ayrılmaq istədiyimizi bildirdim”.

“Mənə təcavüz etdiyini toyda deyib”

Təhminə qeyd edeib ki, hazırda Bakı şəhərində yaşayır, qətl hadisəsi barədə məlumatı olmayıb: “Soltan 2003-cü ilin sentyabr-oktyabr aylarında mənə təcavüz edib. Kəndə gəldiyimiz zaman Soltanın oğlu üçün qardaşımın qızını istədiyini bildim. Buna razı olmadım.

Soltan qarşımı kəsərək bu işə mane olaramsa, Şirvana hər şeyi deyəcəyini bildirdi. Soltanın məni hədələdiyinə görə boşanma ərizəsi vermişəm. Eşitdiyimə görə, Soltan Şirvanı toyda döyüb, mənə təcavüz etdiyini ona orada deyib”.

“Atam mənə əxlaqsız hərəkət etməyib”

İş üzrə Soltan tərəfindən təcavüzə məruz qaldığı iddia olunan qızı Vəfa da ifadə verib.

O bildirib ki, dayısı Şirvana atasının ona qarşı əxlaqsız hərəkət etməsi barədə heç nə deməyib, bu sözlər yalandır: “Atam mənə qarşı əxlaqsızlıq etməyib. Mənim dayımla telefon danışığım olub. Lakin başqa söhbətlər etmişik. Atamın dayım arvadına qarşı nə etdiyini də bilmirəm”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Şirvan 18 il müddətinə azadlıqdan məhrum edilib.

Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər