3 İyun 13:38
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vəkillər Kollegiyasının 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində hazırda vəkil işləyən Könül Əliyeva ifadə verib.

O bildirib ki, Sümbülə Əliyevanı tanıyır: “Hər ay əmək haqqımızı alırdıq, hesabatlarımızı verirdik. Ödənilməyən əmək haqqımız büroda qalıb. Mən orderləri təqdim elədim, 697 manat mənə veriləsi pul qalıb. Dedilər bunlar Sümbülə xanımın vaxtında olub, ödəyə bilmərik. Heç bir şikayətim yoxdur, ancaq ödənilməyən məbləğin Dövlət Sosial Müdafiə Fonduna çatacaq hissəsini ödəsinlər, gələcəkdə təqaüd alanda hesablasınlar. 59 müqavilə üzrə pulumun bir hissəsi ödənilib”.

Daha sonra şahid qismində ifadə verən vəkil Rauf Abdullayev bildirib ki, Sümbülə Əliyevanı çoxdan tanıyır: “2007-ci ildən həmin büroda işləyirəm, Rauf müəllim təqaüdə gedəndən sonra Sümbülə xanım müdir oldu. 2018-ci ildə Sərdar müəllim müdir gəldi və bizə dedi ki, Sümbülə xanımın dövründə olan müqavilələri mənə gətirməyin, mən qəbul etmirəm. 60 müqavilə üzrə 5140 manat mənə ziyan dəyib. Ancaq müstəntiq özü bildiyi şeyləri yazdı. Mənim heç bir iddiam yoxdur”.

Növbəti şahid Mehman Abbasov qeyd edib ki, büroda 100-dən çox müqaviləsi olub: “Bəzən icra hakimiyyətindən müqavilə olan işlərə görə pullar ödəyirdilər, hər ay 700-800 manat pul alırdım. 2018-ci ildə Dövlət Sosial Müdafiə Fonduna verdiyim sorğuya cavab verdilər ki, 2014-2016-cı illərdə 1 saylı hüquq məsləhətxanasından heç bir ödəniş olmayıb. Vətəndaşlarla imzaladığım müqavilələrin pulunu almamışam. 19040 manat pulum ortada itib. 11379 manat mənə çatmalı idi. Mən əslində zərərçəkmiş olmalıyam. Vəkillər Kollegiyası əslində zərərçəkən deyil”.

Növbəti prosesi iyunun 6-da davam edəcək.

İttihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödəməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib.

Cinayət işi üzrə zərərin 100 min manatdan çox olduğu bildirilir.

İstintaq orqanı tərəfindən Sünbülə Əliyevanın barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkən şəxs qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.

Qeyd edək ki, 70 yaşlı Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər