Bakıda "Nicat Lənkəranski" ləqəbi ilə tanınan Nicat Əkbərovu öldürməyə cəhddə təqsirləndirilən Şahmar İsmayılov, Vüqar Quliyev və Ramal Məmmədov barələrində olan hökmdən apellyasiya şikayəti veriblər.
Teleqraf.com xəbər verir ki, şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib. Məlumata görə, vəkili Vüqar Quliyevin barəsində bəraət hökmünün çıxarılması istəyib.
İş Bakı Apellyasiya Məhkəməsinin hakimi Emin Əliyevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələki məlum deyil.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədriyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə ağır cəzalar verilib.
Məhkəmənin hökmü ilə Şahmar İsmayılov 13 il 6 ay, Vüqar Quliyev 12 il 6 ay, Ramal Məmmədov 12 il müddətinə azadlıqdan mərhum ediliblər.
İstintaqla Şahmar İsmayılov, Vüqar Quliyev, Ramal Məmmədov və digərlərinin bir qrup şəxs halında sifarişlə Nicat Əkbərovu öldürmək məqsədilə qeyd olunan ünvanda qanunsuz əldə olunmuş odlu silahdan atəş açması, sonuncunun atəşdən yayınması nəticəsində təsadüfən hadisə yerində olan Tamerlan Hüseynov və Fəqan Rəhimlinin müxtəlif xəsarətlər almasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Şahmar İsmayılov, Vüqar Quliyev və Ramal Məmmədova Cinayət Məcəlləsinin 29,120.2.1, 29, 120.2.5 (bir qrup şəxs tərəfindən sifarişlə qəsdən adam öldürməyə cəhd), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama) və digər maddələrilə ittiham irəli sürülüb.
Cinayət işi üzrə üç nəfər - Tamerlan Hüseynov, Fəqan Rəhimli və Nicat Əkbərov zərərçəkmiş qismində tanınıb.
Zərərçəkmiş, kriminal aləmdə "Nicat Lənkıranski" kimi tanınan Nicat Əkbərov 1983-cü ildə Lənkəranda doğulub. Əvvəllər məhkum edilib.