ABŞ-ın İllinoys ştatında qaradərili qadın evinə çağırdığı polis tərəfindən qətlə yetirilib.
Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə yerindən video görüntülər yayılıb.
36 yaşlı Sonya Massey gecə 911-ə zəng edərək kiminsə onun bağına girdiyini bildirib. Hadisə yerinə gələn polislər həyətdə axtarış edəndən sonra Masseyin qapısını döyüblər. Polis qadına həyətdə heç kimin olmadığını bildirib və buna görə, onları niyə narahat etdiyini soruşub. Onlar evə daxil olub qadından şəxsiyyət vəsiqəsini istəyiblər, daha sonra polis əməkdaşı Sean Qrayson qadına sobanın üzərindəki qaynar su qazanının altını söndürməyi əmr edib. Massey qazanı götürüb polisə tərəf yaxınlaşıb. Polis qadına qazanı aşağı endirməyi əmr edib: "Yaxşısı bunu etmə, and içirəm, səni güllələyəcəm".
Videodan görünür ki, polislər silahlarını çıxaraq qadını hədəf alıblar. Sonya qaynar qazanla aşağı əyilərək üzr istəyib. Lakin Sean Qrayson atəş açaraq onu başından vurub, o, yanındakı polis əməkdaşına "Başqa nə edə bilərdik? O, artıq bizə yaxın idi" deyə bildirib.
Bildirilir ki, 30 yaşlı polis məmuru Sean Qrayson birinci dərəcəli qətl və vəzifə pozuntusu ittihamları ilə saxlanılıb.