Abşeron rayonunda 1993-cü il təvəllüdlü Asim qısqanclıq zəminində arvadı Fidanı (adlar şərti verilib – red.) qətlə yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Asimin 2022-ci ildən rəsmi nikahda olduğu 1998-ci il təvəllüdlü Fidanla son zamanlar ailə münasibətləri pozulub. Bu səbəbdən Fidan 2023-cü ildə 6 aylıq qızı Ramiləni də götürərək kirayə yaşadıqları evi tərk edib.
Asim arvadı ilə ayrılmaq istəməyib və onunla barışmaq qərarına gəlib. O, 24 avqust 2023-cü ildə saat 12 radələrində Fidanın xalası İlhamə ilə özünə və qızına məxsus əşyaları aparmaq məqsədi kirayə yaşadıqları mənzilə gəlməsindən istifadə edərək, arvadı ilə barışmaq istədiyini təkidlə bildirib.
Fidan onun sözlərini aqressiv qarşılayıb, barışmaq istəmədiyini, başqa şəxslərlə intim əlaqədə olacağını söyləyib, ərini söyərək təhqir edib.
Asim mənzilin mətbəxindən götürdüyü bıçaqla yataq otağında paltar şkafının və çarpayının arasında əşyalarını yığmaqla məşğul olan arvadına yaxınlaşıb, ona bir neçə bıçaq zərbəsi vurub. Həmin vaxt orada olan və ona mane olmağa çalışan İlhaməyə də xəsarətlər yetirib.
Ümumilikdə 39 bıçaq xəsarəti alan Fidan vəfat edib.
“Ailə qurmamışdan görüşürdük”
İstintaq orqanı tərəfindən Asimin barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 134-cü (ödürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Asim ona elan olunmuş ittiham üzrə özünü qismən, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilib.
O, ifadəsində göstərib ki, əvvələr məhkum olunub, 2021-ci ilin fevralında azadlığa çıxıb: “Cəzaçəkmə müəssisəsində fərdi əməklə məşğul olmuşam. Ümumilikdə 15 ay ailəli olmuşam. Azadlığa çıxdıqdan sonra boş vaxtlarımda “Topaz” oynamışam.
2021-ci ilin fevralından 2022-ci ilin fevral ayına kimi "Topaz"dan 82000 manat pul udmuşam. Orada rəsmi qaydada öz ad-soyadımla qeydiyyatdan keçmişəm, pul rəsmi qaydada öz kartıma oturub. Elə vaxtlar olub ki, kartda köçürmədə problem olub. Problem olanda zəng etmişəm ki, köməklik göstərsinlər.
Mərhum Fidan orada - Çağrı mərkəzində işləyirdi. Aramızda səmimiyyət yarandı və bir müddət danışdıq. Mart ayında görüşdük. Fidan əvvəllər ailə quraraq boşanmışdı. Ailə qurmamışdan əvvəl aramızda yaxınlıq oldu”.
“12 yaşında dayısı oğlu ilə...”
Asim qeyd edib ki, aralarında yaxınlıq olandan sonra Fidan ağlayıb: “Mən səbəbini soruşanda əvvəllər ailəli olduğunu, bu evlilikdən bir uşağı doğulduğunu bildirdi. Fidan gəlinlik geyinmək arzusunu da dilə gətirdi. Ondan əvvəlki evliliyi zamanı toyunun olmamasının səbəbini soruşdum. Bildirdi ki, 12 yaşında dayısı oğlu ilə aralarında yaxınlıq olub, bu münasibətdən xəbərdar olan qardaşı ona gün verib, işıq verməyib.
Daha sonra o, evdən qaçaraq kollecə girib. Qardaşı ondan əlini üzüb və danışdırmayıb. Digər oğlanla necə tanış olduğunu soruşduqda kursda tanış olduqlarını, narkoman olduğu üçün ayrıldıqlarını bildirdi.
Evə gələndə Fidanın şəklini anama göstərdi. Anam qızı bəyəndi, onunla tanış olmaq istədiyini bildirdi. Anama Fidanın əvvəllər ailəli olduğunu söyləyə bilmədim.
Fidanla anamı tanış etdim, anam onu bəyəndi. Mən Fidana hər şeyi yoluna qoyacağıma söz verdim. Həmin ərəfədə ciddi münasibətdə olduq. Fidana əvvəllər məhkum olunduğumu, bu yaşıma kimi narkotik vasitə istifadə etmədiyimi və içki qəbul etmədiyimi, sadəcə “Topaz” oynadığımı bildirdim.
Anamla tanış etdikdən sonrakı gün ona Fidanın uşağı olduğunu söylədim. Bunu eşidən anam bu işə razı olmadı. Mən isə evlənib başqa yerdə yaşayacağımızı bildirdim. Nəhayət, anamı Fidanla ailə qurmağıma razı saldım”.
“Bu dəfə Fidanın anası razı olmadı”
Asim deyib ki, Fidanın anası vəzifəli bir adamın evində xadiməçilik edir, həm də Fidanın azyaşlı qızı Ləmana baxıb: “Həmin gün Fidan məndən şəxsiyyət vəsiqəmin fotosunu istədi. Anası araşdıraraq mənim məhkum olduğumu öyrəndi. Buna görə idanın anası da bizim ailə qurmağımıza razı olmadı. Fidan isə qızı Ləmana adgünü keçdikdən sonra mənimlə qaçacağını bildirdi.
Aprelin 5-də mən ev kirayələdim. Fidanı işdən, Ləmanı isə bağçadan götürərək evə gəldik və bütün əşyalarını yığdıq.
Aprel ayının 11-12-i ərəfələrində Ləman suçiçəyinə yoluxdu. Fidanı işdən çıxardılar ki, uşaq sağalana kimi evdən işləsin. Həmin ərəfələrdə Ləman da suçiçəyi olduğu üçün bağçaya getmədi. Fidanın keçmiş əri Məsud Fidanın anası ilə əlaqə saxlayaraq uşağı soruşub. Anası da Ləmanın suçiçəyi çıxardığını və başqa yerdə olduğunu bildirib”.
“Fidanın keçmiş əriylə görüşdük”
Asimin sözlərinə görə, mayın 4-5-i ərəfələrində Ləman sağalıb və bağçaya getməyə başlayıb: “Ləmanı bağçadan ya mən, ya da Fidan götürürdü, başqa şəxsin götürməsinə icazə vermirdik.
Bir gün Fidanın anası zəng edərək Məsudun bağçanın qapısında Ləmanı gözlədiyini və onu götürmək istədiyini söylədi. Mən Məsuda zəng edib məni gözləməyi xahiş etdim. Bağçadan Ləmanı götürərək onun oynaması, bizimsə rahat söhbət etməyimiz üçün parka getdik. Həmin vaxt Fidanın anası dayanmadan zəng edirdi ki, Məsudla söhbət etməyim.
Məndə şübhələr yarandı, Məsuddan ayrılmasının səbəblərini soruşdum. Məsud Fidanın sosial şəbəkədə bir şəxslə danışdığını, ona xəyanət etdiyini bildirdi. Xəyanətdən xəbərdar olduqdan sonra Fidanı boğaraq öldürmək istədiyini, amma Ləmanın ağlamaq səsini eşitdikdən sonra onu buraxdığını söylədi.
Mən onun danışdıqlarına inanmadım, ondan danışdıqlarını sübut etməsini istədim. Məsud Fidanı ifşa edən görüntüləri göstərdikdən sonra ona Ləmanı aparmasını, özümün isə Fidanla mübahisə etmək üçün evə gedəcəyimi bildirdim”.
“Biz barışdıq, toyumuz oldu”
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin ərəfədə onlar restoran danışıblarmış, mayın 29-da toyna hazırlıq görürlərmiş: “Mən evə gəldim, Məsudun dediklərini Fidana söylədim. Fidan deyilənləri inkar etdi. Məsuddan görüntüləri mənə atmasını istədim.
Fidanla aramızda mübahisə yarandı, axşam saatlarında onu vuraraq evdən çıxdım və buralardan uzaqlaşmaq üçün avtovağzala getdim.
Fidan mənə “sənsiz yaşaya bilmərəm” məzmunlu SMS və kəsdiyi qolunun şəklini atdı. Həm ona yazığım gəldiyi, həm də özünü öldürəcəyindən qorxduğum üçün evə qayıtdım. Evdə Fidanın qollarını, ayaqlarını kəsdiyini gördüm. Onun yaralarına sarğı bağladım, onunla oturaraq söhbət etmək istədiyimi bildirdim.
Fidan əvvəlki səhvini boynuna aldı, hazırda məni çox sevdiyini bildirdi. Həmin gün biz barışdıq. Daha sonra toyumuz oldu”.
“Aliment ödəmək məsələsi yarandı”
Təqsirləndirilən şəxsin ifadəsinə görə, toydan əvvəl Fidan hamilə olduğu üçün bir gün içində nikah bağlayıblar: “Toydan sonra Fidan bizə gəldi, bir müddət birlikdə yaşadıqdan sonra anam narazılıq etməyə başladı, Ləmanla yola getmədi. Belə olanda Fidana Ləmanı səhər işə gedəndə dayə yanına qoymağımızı, axşam gələndə götürməyimizi təklif elədim.
Bir müddət sonra anam yenə narazılıq etməyə başladı, evə gələn qonaqların Ləmanı görməsini istəmədiyini bildirdi. Daha sonra Ləmanı atasına verdik. Ləman atası ilə yaşadıqda aliment ödəmək məsələsi yarandı. Mən isə övladım deyil deyə Ləmana görə aliment ödəməli olmadığımı bildirdim”.
“Münasibətdə olduğu kişilərin adını çəkdi”
Asimin sözlərinə görə, Fidanın anası may ayında Türkiyəyə gedib: “Bir gün Fidanın telefonuna polisdən mesaj gəldiyini gördüm. Fidanın 2020-ci ildə bankdan 10000 manat borc pul götürdüyünü, həmin puldan 4000 manatını Cəmil adlı şəxsə verdiyini dedi. Bu pulun səbəbini öyrənmək istədim. Fidan isə Ləman üçün 2020-ci ildə bankdan pul götürdüyünü bildirdi.
Mən Fidanın telefonundan Cəmilin nömrəsini tapıb ona zəng edərək Fidanla münasibətinin olub-olmamsını soruşdum. O isə münasibətləri olduğunu təsdiqlədi, hər ay Fidana 100 manat göndərməli olduğunu, amma gecikdirdiyini bildirdi.
Üzərindən 10-15 gün keçdikdən sonra Fidanla danışdıq və onun keçmiş ərindən boşandıqdan sonra Cəmilə kirayə evdə yaşadıqlarını, bankdan 10000 manat pul götürdüklərini, həmin puldan 2000 manatını evin kirayəsinə verdiklərini, qalan pulu isə özləri üçün xərclədiklərini söylədi.
Fidanın Bəhruz və Cəmil adlı şəxlə münasibətdə olduğunu bildikdən sonra onun telefonunu sındırdım. Uşağımız dünyaya gələnə kimi telefon istifadə etməsinə icazə vermədim”.
“Sığınacaqda olduqlarını söylədi”
Asim bildirib ki, 2023-cü ildə onların qızı Lalə anadan olub: “Mən xəstəxənaya gələndə Fidanın uşağı da götürərək xəstəxanadan getdiyini öyrəndim. Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdim və polis işləyən dostuma məlumat verdim. Məni qəyyumluq şöbəsinə çağırdılar və mən başıma gələn hadisəni danışdım. Dörd gün Fidandan xəbər tuta bilmədim.
Fevralın 25-də Fidanın anası zəng edərək onun uşaqla birlikdə sığınacaqda olduqlarını söylədi. Mən sığınacağa getdim, bir həftə yalvar-yaxar etdikdən sonra onları evə gətirdim. Dəfələrlə Fidandan boşanmaq istəsəm də, uşağın 1 yaşı olana kimi boşana bilməyəcəyimizi öyrəndim.
Fidanın anası qızının nə istəsə geyinə və telefon istifadə edə biləcəyini söylədi. Mən yük avtomobili təmiri ustası olduğum üçün Fidanın qardaşı məni təmir üçün çağırdı və onlarla birlikdə sürücü işləməyi təklif etdi. Mən aylıq 900 manat maaş alır və həmin pulu ailəmə xərcləyirdim”.
“Telefona proqram yüklədim”
Təqsirləndirilən şəxs qeyd edib ki, 2023-cü il avqustun 18-də axşam evə gəlməyib və Sumqayıtda yaşayan dostu Elmargildə qalıb:
“Avqustun 19-da saat 10-11 radələrində evə qayıtdım. Qapını döysəm də, Fidan qapını açmadı. Mesaj yazaraq qapını açmasını, əynimi dəyişib gedəcəyimi bildirdim. Evə girdikdə Fidan nalayiq ifadələr işlətməyə başladı. Əsəbləşərək ona şillə vurdum. Fidan otağa girərək qapını bağladı, ağlamağa başladı və xalası İlhaməyə zəng edərək məlumat verdi. Xalası gəldikdən sonra o, ağlaya-ağlaya 102 xidmətinə zəng vurub məndən şikayət etdi.
Elə həmin vaxt Abşeron rayon icra hakimiyyətindən bir xanım zəng edərək məni idarəyə çağırdı və Fidandan uzaq durmağımı söylədi.
Daha sonra evə gəldim. Həmin vaxt evdə polis əməkdaşları vardı, məndən izahat aldıqdan sonra Fidangil sığınacağa getdilər. Fidanın telefonunu sındırdım üçün anası məndən telefonu düzətdirməyimi tələb etdi.
Telefona izləmə proqram yüklətdim və onu Fidanın xalasına verdim. Xalası telefonu Fidana apardı. Xalası Fidandan yemək yeyib-yemədiyini soruşdu. Fidan isə quru makaron yediyini, yemək otağının qapısını bağlayaraq yeməyə icazə vermədiklərini bildirdi. Həmin vaxt mənim Fidana yazığım gəldi”.
“Məni bədbəxt etmə, səni öldürərəm”
Təqsirləndirilən şəxs bildirib ki, daha sonra "Qurtuluş 93” yaşayış kompleksinə gəlib və 108 xidmətinə zəng edərək bütün mebellərini düzəltdirib, Fidanın paltarlarını qatlayaraq yığışdırıb və evi bəzətdirib:
“Avqustun 24-də səhər saatlarında Fidanın xalasına zəng etdim, bacısıqızının yanına gedib-getməyəcəyini sorudmm. Xalası gedəcəyini, taksinin pulunu göndərmyimi və gəlib evdən pampers götürəcəyini bildirdi. Mən ondan Fidanı özü ilə geri gətirməsini istədim.
Axşam saatlarında evdə oturan zaman qapı döyüldü. Qapını açdıqda İlhamə, İlhamənin nəvəsi, daha sonra isə Fidan evə daxil oldu. Ondan Lalənin harada olduğunu soruşdum, yatdığını bildirdi. Mən uşağı tək qoyaraq gəldikləri üçün əsəbləşdim.
Mən mətbəxdə oturdum, Fidan otaqda paltarlarını yığmaqla məşğul oldu. İlhamə isə parkda oynayan nəvəsinə baxmaq üçün çölə çıxdı. Mən Fidanın yanına gedərək onu döydükdən sonra pis olduğumu, barışmaq istədiyimi söylədim. O mənimlə qutardığını bildirdi. “Məni bağışlamağın üçün evi gül-çiçəklə bəzətmişəm” dedim. Fidan isə “gülü aparıb ananın qəbri üstünə qoyarsan" deyə cavabladı. “Gəl özünü də, məni də bədbəxt etmə, səni öldürərəm” dedikdə mənə nalayiq şəkildə cavab verdi.
Həmin an Fidanı öldürmək fikrinə gəldim, dərhal mətbəxə gedərək şkafın çəkməcəsindən bıçağı götürdüm. Sonra yataq otağına qayıtdım. Fidan yataqla şkaf arasında olan zaman ona yaxınlaşaraq bıçaqla ciyərinə, daha sonra ürəyinə vurdum. Amma qışqırdığı üçün bıçaq ona batmadı.
Başımı qaldıranda İlhamənin qışqıraraq üzərimə gəldiyini və əlimi tutduğunu gördüm. İlhamə əlimdən tutduğu üçün bıçaq onun qoluna dəydi”.
“Anama zəng etdim...”
Asim qeyd edib ki, daha sonra İlhamə qorxaraq qaçıb: “Mən yenə də Fidana bıçaqla vurmağa davam etdim. Üzümə baxa-baxa sol əli üstə yıxıldı və nəfəsi kəsilərək can verdi. Mən bıçağı belimə qoyaraq evdən çıxdım. Fidanın xalası çöldə dayanmışdı, qışqıraraq camaatdan kömək istəyirdi.
Mən qaçmağa başladım. Bir az uzaqlaşdıqdan sonra 102 xidmətinə zəng etdim və özümü təqdim edərək həyat yoldaşımı öldürdüyümü etiraf etdim. Daha sonra oradan keçən taksilərin birinə minərək anama zəng etdim və onun evdə olmadığını bildikdən sonra anamgilə getdim. Əynimdəki paltarları dəyişdim və sellafon torbaya yığdım, bıçağı da torbaya qoydum.
Daha sonra tanımadığım taksi ilə polis idarəsinə gələrək təslim oldum və arvadımı öldürdüyümü bildirdim”.
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Asim 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.