24 Sentyabr 16:51
2 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda kişi sevgilisinə xəsarət yetirib, ona hədə-qorxu gəlib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, bununla bağlı Cəmilə (adlar şərti verilib – red.) Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə müraciət edib.

O, müraciətində 13 il sevgi münasibətində olduğu 1978-ci il təvəllüdlü Nazimin onu hədələdiyini və ona qarşı xuliqanlıq hərəkətləri etdiyini bildirib.

Naziminin barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati qaydada ittiham elan edilib.

İş üzrə təqsirli bilinən Nazim elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, təxminən 13 il bundan qabaq Cəmilə ilə tanış olub və onunla yaxın münasibət qurub:

“Münasibətimiz olan vaxtdan Cəmilənin yaşadığı evə mütəmadi gedib-gəlirdim. Bu illər ərzində Cəmilə ilə aramızda qısqanclıq zəminində münaqişələr olub”.

Təqsirli bilinən şəxs qeyd edib ki, 2024-cü ilin iyun ayında Cəmilə ondan ayrılmaq istədiyini bildirib: “Cəmilədən nə səbəbə ayrılmaq istədiyini soruşdum. Müxtəlif bəhanələr gətirdi. Sonuncu dəfə mobil nömrəmə zəng elədi və yenə məndən ayrılmaq istədiyini dedi. Əsəbi olduğum üçün məndən ayrılacağı təqdirdə ona qarşı telefonda nalayiq ifadələr işlətdim. Etdiyim əməldən peşmanam”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Cəmilənin sözlərinə görə, Nazimlə tanış olub və qeyri-rəsmi münasibətləri yaranıb: “Təxminən 1 il əvvəl Nazimə ayrılmaq istədiyimi dedim. O, yaşadığım ünvana gələrək məni döydü, xəsarət yetirdi. Hadisə günü də telefonda Nazimə ayrılmaq istədiyimi dedim. Bu zaman Nazim məni hədələdi”.

Nərimanov Rayon Məhkəməsinin qərarında göstərilib ki, cinayət tərkibi olmadığı üçün istintaq orqanı tərəfindən Nazimin barəsində cinayət işi başlanmayıb. İnzibati qaydada iş qaldırılıb və baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Nazim 50 manat miqdarında cərimə olunub.

Qeyd edək ki, şərti adla təqdim etdiyimiz Nazim biznesmendir, MMC-lərdən birinin icraçı direktoru vəzifəsində çalışır. Həm də o, başqa bir qadınla rəsmi olaraq ailəlidir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər