11 Oktyabr 14:01
3 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar rayonunda 1979-cu il təvəllüdlü Azad yetkinlik yaşına çatmayan həmyerlisi Lətifəyə (adlar şərti verilib – red.) təcavüz edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə bu il yanvarın 26-da baş verib. Azad həmin gün saat 13 radələrində Biləsuvar şəhəri, Azadlıq küçəsində piyada hərəkət edən 2008-ci il təvəllüdlü Lətifəyə yaxınlaşıb. O, qəflətən əliylə qızın üzünü sığallayıb.

Lətifə bu hərəkətlərinə görə Azada irad bildirib. Buna baxmayaraq Azad zorla Lətifənin dodaq nahiyəsindən öpüb, onu qucaqlayıb. Lətifə müqavimət göstərdikdə isə onu özünə tərəf dartıb, seksual zorakılıq hərəkətləri edib.

Azad Lətifəyə xəsarətlər yetirdikdən sonra yumruq zərbəsi vuracağı ilə onu hədələyib. Arxa nahiyyəsindən qucaqlayaraq ona qarşı seksual xarakterli hərəkətlər edib.

İstintaq orqanı tərəfindən Azadın barəsində Cinayət Məcəlləsinin 150.2-1.1-ci (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Məhkəmədə təsirləndirilən şəxs qismində ifadə verən Azad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, ailəsi ilə Biləsuvar şəhərində yaşayır: “Zərərçəkmiş Lətifəni tanıyıram. Mənim qonşumdur, qızım Gülşənlə üçüncü sinfə qədər birlikdə oxuyub. Valideynləri ilə münasibətim həmişə yaxşı olub.

Lətifəyə qarşı heç bir seksual xarakterli zorakılıq hərəkətləri etməmişəm. Onun ifadəsində göstərilənlər yalandır. Məni şərləyiblər”.

Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib və tədqiq olunub. O, həmin ifadədə göstərib ki, yanvarın 26-da saat 14 radələrində suqızdırıcısı almaq məqsədi ilə yaşadığı evdən çıxıb: “İbrahimov küçəsində Zamin adlı şəxsə məxsus xırdavat məhsulları satılan mağazadan suqızdırıcısını aldım və taksi ilə yaşadığım evə qayıtdım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin gün saat 14 radələrində Azadlıq küçəsində Lətifəni piyada hərəkət edən görsə də, ona qarşı heç bir əxlaqsız hərəkətlər etməyib:

“Saat 17 radələrində evdə olan zaman “Kamran” adlı kafe işlədən Camal mənə zəng vurdu. O, kafedə adgünü məclisi olduğunu dedi və mənə məclisə gələrək musiqi ifa etməyi təklif elədi. Mən də kafeyə yollandım.

Kafeyə 30-40 metr qalmış üç nəfər tanımadığım şəxs yaxınlaşaraq məni döyməyə başladı. Onlar mənə yaramaz hərəkətlər etdiyimi deyirdilər. Onların əlindən güclə qurtuldum və qaçmağa başladım. Daha sonra Daxili İşlər Nazirliyinin “102” xidmətinə hadisə barədə məlumat verdim. Lətifənin dedikləri yalan və böhtandır”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Lətifənin sözlərinə görə, ailə üzvləri ilə birlikdə Biləsuvar şəhərində yaşayır: “Orta məktəbin 9-cu sinfində təhsil alıram. Məktəbdən aldığım dərslərdən əlavə kollecə hazırlaşdığım üçün Azərbaycan dili, Riyaziyyat və Rus dili fənləri üzrə hazırlıq məşğələlərinə gedirəm. Riyaziyyat fənni üzrə Biləsuvar rayonunun kəndində yaşayan Cəmilə müəllimin yanına həftənin 1,3,5-ci günləri günorta saatlarında yollanıram.

Kəndə getmək üçün yaşadığım evdən piyada çıxıram, Axundov küçəsində həmin kəndə gedən marşrutlara minirəm”.

Zərərçəkmiş qeyd edib ki, yanvarın 26-da saat 14 radələrində Cəmilə müəllimin məşğələsində iştirak etmək üçün evdən çıxıb və Azadlıq küçəsi ilə piyada hərəkət etməyə başlayıb: “Təxminən üç-dörd dəqiqən sonra 50-60 metr məsafədə keçmiş sinif yoldaşım Gülşənin atası Azadı gördüm. O, məndən qabaqda piyada gedirdi. Birdən arxaya boylandı, məni görərək yerişini yavaşıtdı.

Mən Azada çatdım, onun yanından keçərək getmək istəyəndə mənə yaxınlaşdı. “Tik-tok” sosial şəbəkəsində şəxsi hesabımın olub-olmadığını soruşdu. Cavab gözləmədən “Tik-tok” sosial şəbəkəsində canlı yayım açaraq onunla danışmağımı təklif etdi. Ona “Tik-tok”da hesabımın olmadığını bildirdim”.

Lətifənin ifadəsinə görə, Azad ondan əl çəkməyib, mobil telefon nömrəsini istəyib: “Mən telefon nömrəmi vermək istəmədiyimi bildirdim. Gözləmədiyim halda mənə yaxınlaşdı və sağ əli ilə sağ yanağımı sığalladı. “Maşallah, nə gözəl qızsan, səndən xoşum gəlir” dedi. Azada irad bildirdim və yanımdan getməsini istədim. O, getmədi, məni qucaqlayaraq dodaq nahiyəmdən bir dəfə öpdü. Sağ bud və sağ yan nahiyəmdən əli ilə tutaraq sıxdı”.

Lətifənin sözlərinə görə, daha sonra Azad onun paltarının üzərindən sinə nahiyəsinə əl vurub və sıxıb: “Azadı əlimlə itələmək istədim. Qışqıraraq köməyə adam çağırmaq istəyəndə yumruqla sifət nahiyəmdən vuraraq xəsarət yetirəcəyini deyərək hədələdi. Sağ əlimdən sıxaraq məni özünə tərəf çəkdi. Dırnaqları sağ əlimin üzərini sıyırdı, mənə xəsarət yetirdi. Mənim müqavimət göstərməyimdən qorxaraq oradan uzaqlaşdı.

Mən yoluma davam elədim. Azad yenidən arxamca gəlməyə başladı. Təxminən bir neçə metr hərəkət etdikdən sonra mənə arxa tərəfdən yaxınlaşdı və arxa nahiyəmdən qucaqlayaraq sinəmi əlləri ilə tutaraq sıxdı. Yenidən telefon nömrəmi istədi. Mən ona nömrəmi verməyəcəyimi bildirdim.

Azad məni buraxdı, “suqızdırıcısı almaq üçün gedəcəkdim, sənə görə yolumu dəyişdim, sən mənə nömrəni verməlisən” sözlərini dedi. Mən onu yenə rədd etdim”.

Lətifə qeyd edib ki, daha sonra İbrahimov küçəsinə keçib: “Azad həmin küçədə başqa insanların olduğunu görüb məndən uzaqlaşdı. Biləsuvar rayonunun kəndinə hazırlıq məşğələsinə getmək üçün marşrut avtobusuna əyləşdim. Mənimlə birlikdə hazırlıq məşğələsinə gedən Zəminənin mobil telefonu vasitəsi ilə anam Səmayəyə zəng vurdum, Azadın hərəkətləri barədə ona məlumat verdim.

Saat 17 radələrində məşğələdən çıxaraq evimizə qayıtdım. Atam Akif polis şöbəsinə gedərək Azadın əxlaqsız hərəkətləri barədə müraciət etdi, şikayət ərizəsi yazdı”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Azad 11 il azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər