12 Mart 2015 16:38
1 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zərərçəkmişlərə dəymiş ziyan ödənilmədən məhkumun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı Bakı Apelyasiya Məhkəməsinin qərarı düzgün deyil”.

Bu sözlərə Teleqraf.com-a açıqlamasında hüquq müdafiəçisi Elçin Behbudov 81 nəfərin ümumilikdə 38 milyon manatını mıənimsəməkdə təqsirləndirilənlərdən biri olan “Texnikabank” ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifovun vaxtından əvvəl azadlığa çıxmasına münasibət bildirərkən deyib. Hüquq müdafiəçisinin sözlərinə görə, burada zərərçəkmişlərə ödənilməyən külli miqdarda ziyandan söhbət gedir:

“Ziyanı ödəməyən məhkum necə azadlıqda gəzir? Apelyasiya məhkəməsinin belə qərarı qanuna sığmır. Bu işdə zərərçəkmişlər qərar çıxaran hakimdən Məhkəmə Hüquq Şurasına şikayət edə bilərlər. Çünki hakim düzgün olmayan qərar qəbul edib”.

Elçin Behbudov əlavə edib ki, hər bir məhkumun məhkəməyə müraciət etmək hüququ var:

“Amma məhkəmə həmin hüquqları araşdırmalı və sonra qərar qəbul etməlidir. Mən respublikanın polis idarələrində monitorinq keçirirəm. Cinayət törədənlərin 90 faizi dələduzluq əməlinə görə həbs edilənlər, yerdə qalanlar isə narkotik və oğurluqla mühakimə olunanlardır. Cinayət Məcəlləsinin 178-ci maddəsinin birinci bəndi ilə mühakimə olunan məhkum cəzasının çəkilməmiş hissəsinin azadlıqda çəkməsi ilə bağlı məhkəməyə müraciət edə bilər. Amma bu müraciət düzgün araşdırılmalıdır. Çünki ortada zərərçəkmişlərə dəymiş ziyanın ödənilməməsi var. Hakim bu faktı nəzərə almalıdır. Əgər iş üzrə ziyanın yarısı ödənilsə, bu, cəzanın yüngülləşdirilməsi üçün nəzərə alına bilər. Yox, ümumiyyətlə ziyan ödənilmədiyi halda məhkuma güzəştin getməsindən belə söhbət gedə bilməz”.

Vəkillər Kollegiyasını üzvü Samir İsayevin sözlərinə görə, əksər hallarda dələduzluq əməllərində cinayət tərkibi olmur:

“Amma Azərbaycanda kobud dələduzluq faktları ortaya çıxır və həmin şəxslərə də məhkəmənin qərarı ilə cəza verilir. Amma araşdırma zamanı müəyyən olunur ki, dələduzluq edən şəxslə zərərçəkmiş şəxs arasında qarşılıqlı öhdəlik yoxdur. Azərbaycanda Vəkillər Kollegiyası fəaliyyət göstərir və bu kollegiyanın da nüfuzlu üzvləri var. Amma belə hallarda heç bir vətəndaş kollegiyanın üzvləri ilə münasibət saxlamır və onlardan hüquqi yardım almır. Əgər vətəndaş hüquqi yardım almaqla iş görsə, o, dələduzluqla üzləşə bilməz”.

Samir İsayev qeyd edib ki, hər bir məhkumun vaxtından əvvəl azadlığa çıxması və cəza çəkmə yerində rejimi dəyişmək üçün müvafiq instasiyalara müraciət etmək hüququ var:

“Burada məhkumun davranışı və həbsxanada kütləvi tədbirlərdə fəal iştirak etməsi nəzərə alınır. Həbsxanada dələduzluq edən şəxs də islah oluna bilər. Onun da həbsxana rejimini dəyişmək hüququ var. Məhkəmə dövlətin adından qərar qəbul edir. Həmin qərardan tərəflərin şikayət vermək hüququ var. Bakı Apelyasiya Məhkəməsinin qərarından iş üzrə zərərçəkmişlər Ali Məhkəməyə kassasiya şikayəti verə bilərlər. Ali Məhkəmə qərarı qüvvədə saxlasa, həmin qərar qanuni qüvvəsinə minir. Bu zaman məhkəmənin qərarı şərh oluna bilməz”.

Vəkil Altay Muradov bildirib ki, məhkumun cəza rejiminin dəyişdirilməsi və yaxud vaxtından əvvəl şərti azadlığa buraxılması üçün məhkəmənin qərar vermək səlahiyyəti var: “Amma iş üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilmədiyi halda məhkəmə məhkum ərizəsinə baxarkən, həmin faktı nəzərə almalıdır. Məhkəmə zərərçəkmiş şəxslərin ziyanını ödənilməsi qərarda əsaslandırmalıdır. İş üzrə zərərçəkmiş və mülki iddiaçıların mənafeyi məhkəmə tərəfindən müəyyənləşdirilməli və bundan sonra qərar qəbul edilməlidir. Məhkum azadlığa buraxıldığı halda zərərçəkən və mülki iddiaçının mülki qaydada məhkəməyə müraciət edərək pulunu tələb edə bilər. Məhkəmənin qərarını məhkum icra etmədiyi halda yenidən onun barəsində cinayət işinin başlanması qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilir”.

Altay Muradov deyib ki, apelyasiya instansiyasının qərarı qüvvəyə minəndən sonra məhkum zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyə bilər:

“Bunun üçün də müddət müəyyən edilir. Həmin müddətdə tərəf şikayət etməsə, müsadirə olunan mülklərin satılması üçün icraya yönəlir. Bunu apelyasiya instansiyasının hakimləri də, birinci məhkəmə instansiyasının hakimləri də müəyyən edə bilər. Apelyasiya şikayətinin verilməsi üçün uzun müddət də gözləməyə əsas yoxdur. Bir neçə ay keçəndən sonra şikayət verilmədiyi halda iş üzrə müsadirə olunan əmlaklar icraya yönəlir. Hakim uzun müddət gözləyə bilməz ki, tərəf şikayət versin”.


Hüquqşünas Əli Hüseynov bildirib ki, zərərçəkmiş şəxsin ziyanı ödənilmədən məhkumun vaxtından əvvəl azadlığa buraxılması üçün əsasların olmaması birbaşa qanunda göstərilməyib:

“Amma praktikada ədalət mühakiməsinin prinsipi var. Bu işdə 81 nəfər zərərçəkmiş, 38 milyon manat ziyan var. Buna baxmayaraq, məhkəmə məhkumu açıq-aşkar azadlığa buraxıb. Hesab edirəm ki, məhkəmənin bu qərarı ədalətli hesab edilə bilməz. Məhkəmə 38 milyon manatın harada basdırılmasını müəyyən etməli idi. Eyni zamanda 80-dən çox zərərçəkmişin küçələrdə mələr qalmasını nəzərə alsaq, məhkəmə ədalətli qərar çıxarmayıb. İş üzrə 38 milyon manat ziyanın ödənilmədiyi halda məhkumun islah olunmasından söhbət gedə bilməz. Məhkəmənin bu qərarını ədalətli hesab etmirəm”.

Qeyd edək ki, Zal Yusifovun oğlundan əlavə cinayət işi üzrə təqsirləndirilən 14 nəfər müxtəlif müddətlərə cəzalandırılıb. Hökmdən narazı şəxslər apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynov şikayəti təmin etməyib. Bundan sonra Zal Yusifovun atası Zakir Yusifov Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib və əmlaklarının geri qaytarılmasını istəyib. Ali Məhkəmənin sədri Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün əmlaklarla bağlı hissəsinə yenidən baxılması barədə təqdimat verib.

Həmin təqdimata Bakı Apelyasiya Məhkəməsinin hakimi Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada baxılıb və təqdimatla bağlı şikayət təmin edilməyib. Ali Məhkəməyə müraciət olunsa da, həmin məhkəmədə işə baxan hakimlər şikayətin baxılmamış saxlanılması barədə qərar qəbul ediblər. Bundan sonra işə yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarılıb.

Bu dəfə mülklərlə bağlı şikayətə Bakı Apelyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyev baxıb. Hakim zərərçəkmişlərə dəymiş ziyanın həmin mülklərin satılması ilə tutulmasını nəzərə alıb və bu səbəbdən Zal Yusifovun iddiası təmin edilməyib.

İslam Yusifov vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı bir müddət əvvəl Xəzər Rayon Məhkəməsinə müraciət edib. İslam Yusifovun cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsinə Xəzər Rayon Məhkəməsində baxılıb və təmin edilməyib. Amma apelyasiya instansiyasında işə baxan hakim İlqar Murquzov məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı qərar qəbul edib. İslam Yusifov Bakı Ağır Cinayətlər Məhkəməsinin 2010-cu il tarixli hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının 5 ilini çəkdiyini, qalan hissəsini isə məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilməsini istəyib.

İslam Yusifov atasının başçılıq etdiyi 15 nəfərlik dəstədə mühakimə olunub. İstintaq sənədlərinə görə, “Texnikabank” Bakı filialının sabiq rəhbəri Zal Yusifov digər şəxslərlə birlikdə cinayət əməli törədib. O, 81 müştərinin banka qoyduğu təxminən 38 milyon manat pulu mənimsəyib.

Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrum edilib. Birinci məhkəmə instansiyası Zal Yusifovun oğlu İslam Yusifovu atası ilə birlikdə əlbir olmaqda ittiham edib.

Ağır Cinayətlər Məhkəməsinin hökmündə qeyd olunub ki, Zal Yusifov vətəndaşlardan dələduzluq yolu ilə aldığı pullarda oğlu da iştirakçı olub. Bu iş üzrə zərərçəkmişlərə dəymiş ziyan ödənilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər