Bakının Yasamal rayonunda mağazadan oğurluğa cəhd edənlər yaxalanıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsindən məlumat verilib.
Məlumata görə, martın 16-da, gecə saat 04:30 radələrində Yasamal rayonun Z.Xəlilov küçəsi ev 62 ünvanında yerləşən və Seyfəddin Əliyevə məxsus “Makro market” mağazasından oğurluğa cəhd edilib.
Yasamal rayon Mühafizə Bölməsinin Mərkəzi Mühafizə Məntəqəsinə daxil olmuş “həyəcan” siqnalını yoxlanılıb. Yoxlama zamanı obyektin arxa plastik qapısının sındırıldığını aşkar edilib.
Obyektdən oğurluğa cəhd edənlər - Lənkəran rayonu Şirinsu kənd sakini, 1991-ci il təvəllüdlü Nəsirov Cavid Eldar oğlu və Naxçıvan MR-nın Kəngərli rayonu Qıvraq qəsəbəsi sakini, 1991-ci il təvəllüdlü Qədimov Nihad Musa oğlu hadisə yerindən qaçmaq istəyərkən yaxalanıblar. Onlardan ədəd vintaçan, bir ədəd kəlbətin və bir ədəd xüsusi dəmir alətləri aşkarlanıb.
Hər iki şəxs Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə təhvil veriliblər. Obyektin daxilində quraşdırılmış video müşahidə sisteminin yaddaş qurğusuna baxış keçirilərkən, C.Nəsirov və N.Qədimov oğurluğa cəhd etdiklərini etiraf ediblər.
Bölmədə onların digər oğurluqlarda iştirakı məsələsi araşdırılır. Hadisə yerinin yaxınlığında onlara məxsus “VAZ 2106” markalı Az 10 HA 541 dövlət qeydiyyat nömrəli avtomaşın aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov