Bu gün Səbail Rayon Məhkəməsində qanunsuz qumarxana fəaliyyəti ilə məşğul olan 23 yaşlı İsmayıl Musayev və 24 yaşlı Nicat Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, təqsirləndirilən şəxslər Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunublar.
Səbail rayonu Bülbül prospektində yerləşən “Bikkers Club” çay evində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində “poker” kart qumar oyunları təşkil edilməsi müəyyən edilib. Obyektə baxış zamanı bu oyunlar üçün istifadə olunan kart dəstələri və qumara qoyulmuş külli miqdarda pul aşkar olunaraq maddi sübut kimi götürülüb.
Müəyyən edilib ki, Göyçay rayonunda anadan olmuş İsmayıl Musayev Sabirabad rayon sakini Nicat Məmmədovla cinayət əlaqəsinə giriblər. Onlar əlbir olaraq kirayəyə götürdükləri obyektdə əməliyyat tədbirləri keçirilənə kimi bir neçə ay qumarxana təşkil ediblər. Gündüzlər çay evi kimi fəaliyyət göstərən obyektdə gecə saat 2-dən sonra səhərə qədər qumar oyunları keçirilib.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 244-1.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən qumarxana təşkil etmə və ya saxlama) maddəsi ilə ittiham edilirlər. Hakim Rauf Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdiriləndən sonra məhkəmə baxışı martın 29-na təyin edilib.
Hacı Zeynalov