21 Mart 2015 19:26
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində dələduzluqda ittiham olunan Kamil Hüseynov və Sərdar Hüseynovun apelyasiya şikayəti üzrə məhkəmə propsesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndiriliblər.

İttihama görə, 2011-ci ilin avqust ayında Kamil Hüseynov və Sərdar Hüseynov Rusiya Federasiyasında sahibkarlıqla məşğul olan tanışları Əli Atakişiyevə özlərini geniş əlaqə və imkanlara malik şəxslər, Sərdarı Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşı kimi təqdim edərək, etibarını qazanıblar.

Kamil Hüseynov əlaqələrindən istifadə edib Nobel prospektində yerləşən Luna Park adlanan ərazinin yanında olan 0,33 ha torpaq sahəsini 100.000 dollar müqabilində Dövlət Neft Şirkətindən alıb Əli Atakişiyevə verəcəklərini vəd edib. Sonuncu inandırmaq üçün SOCAR-ın Xocalı prospekti, 28 ünvanda yerləşən Təhlükəsizlik xidmətinin inzibati binasının qarşısına gətirib, ondan 10.000 dollar alaraq binaya daxil olub və bir neçə dəqiqədən sonra yanına gələrək, guya pulu verdiyi şəxslərlə danışıb, torpaq sahəsinin ona verilməsinin razılığını alıb.

Həmin ilin noyabr ayında həmin binanın qarşısında təqsirləndirilən şəxslər biznesmendən qalan 90.000 dollar alaraq, yenə inzibati binaya daxil olublar və 10-15 dəqiqədən sonra geri qayıdaraq, Əli Atakişiyevi məsələnin həll olunduğunu bildirib, torpaq sahəsinin sənədləşdirilməsi üçün zəruri sənədləri toplayıb Sərdara verməsini tapşırıb.

Əli Atakişiyev kürəkəni Zaur Qaravəliyevin adına aid sənədləri toplayıb Sərdar Hüseynova verdikdən sonra Kamil Hüseynov 2012-ci ilin yanvar ayına kimi sahibkardan müxtəlif bəhanələrlə, o cümlədən bələdiyyə orqanına vermək adı ilə 2 000 dollar, Bakı şəhər İcra Hakimiyyətinə 3000 dollar, Torpaq və Xəritəçəkmə Komitəsinə 5 000 avro ələ keçirməklə, ümümilikdə zərərçəkənə 105. 000 dollar və 5 000 avro məbləğində külli miqdarda ziyan vurublar.

Bundan əlavə, Kamil Hüseynov 2012-ci ilin əvvəllərində Əli Atakişiyevin tanışı Səddam Zöhrabovu 3000 manat müqabilində FHN-də işləyən tanışları vasitəsi ilə yanğınsöndürən kimi işə düzəldəcəklərini vəd verməklə, sonuncunu aldadıblar. Kamil Hüseynov nazirliyin M.Müşviq küçəsində yerləşən inzibati binasının yanında zərərçəkəndən həmin məbləği alıb. Aprel ayında isə onu guya həkim komissiyasından keçməsi üçün FHN-nin Moskva prospekti, 57 ünvanda yerləşən Tibb idarəsinin qarşısına çağırıb, orada S.Zahidovdan 60 manat alaraq, rəy verməsi üçün həkim kimi təqdim etdiyi Sərdar Hüseynova verib, bununla da sonuncunun 3060 manat pulunu ələ keçirməklə, dələduzluq ediblər.

İstintaq zamanı həmçinin məlum olub ki, Kamil Hüseynov polis zabiti olub, 2003-cü ildə polkovnik-leytenant rütbəsində təqaüdə çıxıb, heç bir yerdə işləməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamil Hüseynov 9 il, Sərdar Hüseynov 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar günühsız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Kamil Hüseynovun cəzası 8 ilə, Sərdar Hüseynovun cəzası 7 ilə endirilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər