Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin, habelə Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Əsli Həsənova ifadə verib. O, bildirib ki, məhkəmədə mühakimə olunan şəxslərdən heç kimi tanımır: “Abdulla müəllimi ilk dəfə burada görürəm. Mənim ona böyük hörmətim var. “Xidəfərin” MMC-dən ev 2 otaqlı ev almışdım. pulum çatmırdı, qalan pulu Abdulla müəllim verdi, hətta mənə 2 otaqlı mənzil əvəzinə 3 otaqlı mənzil verdi. Mən heç bir zərər çəkməmişəm. Xahiş edərəm ki, məni zərərçəkənlər siyahısından çıxarın”.
Bundan sonra zərərçəkmiş Nüşabə Əzimova ifadə verməsi üçün kürsüyə dəvət olunub. O, bildirib ki, 2004-cü ildə öz evini satıb və “Xudəfərin” MMC-dən ev alıb. Onun sözlərinə görə, 11 ildir kirayədə yaşayır: “Kirayələrdə yaşamaqdan şəkər xəstəliyinə tutulmuşam. Abdulla müəllim mənə pislik etməyib. Amma evimiz hazır olmayıb. Biz evimizi istəyirik. 11 ildir ayaq döymədiyim yer qalmayıb, bu illər ərzində sağlamlığım pozulub. İki oğlum var. Birinin 38, birinin 40 yaşı var. Evisizlikdən evləndirə də bilməmişik”.
Nüşabə Əzimova qeyd edib ki, şirkətlə ev-alqı satıqısı barədə müqavilə bağlayıblar. Onun sözlərinə görə, evin verilməsindən xəbəri yoxdur: “Həmin inşa olunan binada tez-tez olmuşam. Mənzilimiz 15-ci mərtəbədədir. Mənzilin açarları 2-3 aydır bizə verilib. Amma həmin mənzildə yaşamaq üçün şərait yoxdur. Müqavilə sənədlərində yaşamaq üçün bütün şəraitlər yaradılacağıan göstəriş verilib. Amma şərtə əməl edilməyib”.
Müdafiə tərəfi zərərçəkənin məhkəmədə verdiyi ifadəsi ilə istintaqa verdiyi ifadə arasında ziddiyyətlər olduğunu bildiriblər. Bu səbəbdən onun istintaqa verdiyi ifadəsinin açıqlanmasını istəyiblər. Hakim Nüşabə Əzizovanın istintaqa verdiyi ifadəsini açıqlayıb. O, istintaqa verdiyi ifadəsində müqavilənin “Xudəfərin” MMC-inin rəhbəri Anar Məmmədovla bağladığını deyib. O, qeyd edib ki, mənzilin hər kvadratı üçün əlavə olaraq 50 dollar alıblar. Onun sözlərinə görə, həmin ilkin deyilən, həm də əlavə pulu ödəyiblər: “Mən müqaviləni Anar Məmmədovla bağlamışam. Abdulla Abdullayevə qarşı şikayətim yoxdur”.
Digər zərərçəkən Şahin Talıbov bildirib ki, 2003-cü ilin sonunda mənzil alıb. O, qeyd edib ki, mənzilin alınması üçün müqavilədə göstərilən pulları ödəsə də, mənzilin vaxtında verilməsi ilə bağlı şərtlər pozulub: “Mənim Abdulla Abdullayevdən şikayətim yoxdur. Amma “Xudəfərin” MMC-dən şikayətim var. Çünki müqavilənin şərtlərinə uyğun olaraq evin verilməsi təmin edilməyib. Hazırda həmin mənzildə ailə üzvlərimizdən biri yaşayır. Buna baxmayaraq, özümü zərərçəkən hesab edirəm. Çünki həmin mənzildə mülkiyyət hüququmuz yoxdur. Mənzilə qapının qoyulmasını deməklə müqavilənin şərtlərinə əməl etmiş kimi qiymətləndirmək, istismara vermək demək olmaz. Tövlənin də qapısı olur. Həmin mənzildə qəbul edilmiş sənədlərlə yaşamağa uyğun deyil. “Xudəfərin” MMC-də müqavilə bağlayanda lift, işıq, su, kanalizasiya xətlərinin çəkilməsini öhdəlik kimi üzərinə götürüb. Amma bu öhdəliklərin heç birini yerinə yetirməyib. Mənzilin alınması üçün 27 min 571 manat ödəmişəm”.
Daha sonra zərərçəkən qismində Dilarə Abdullayeva, Məlahət Əliyeva, Zahir Qəhrəmanov və Telman Abbasov ifadə veriblər.
Hacı Zeynalov