Sumqayıt Apelyasiya Məhkəməsində oğurluqda təqsirli bilinən 1987-ci il təvəllüdlü Ümid Ramazanovun cinayət işi üzrə məhkəmə başa çatıb.
İttihama görə, 2013-cü ilin avqustun 19-da Abşeron rayonu, Saray qəsəbəsində yaşayan Qabil Ramazanovun evindən 200 min manat oğurlanıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində oğrunun Qabil Ramazanovun qohumu olduğu üzə çıxıb. Ev sahibi Qabil Ramazanovun əmisi oğlu Ümid Ramazanov avqustun 19-da ailənin evdə olmamasından istifadə edərək, evə girib və 200 min manat pulu götürüb. Ümidin əvvəlcədən ailəyə gediş-gəlişi olduğu və bu səbəbdən pulun harada saxlanıldığını bildiyi üçün oğurluq ona heç bir çətinlik yaratmayıb.
Ev sahibi Qabil Ramazanov Saray qəsəbəsində "Pəhləvanlar" adlı kafe işlədir. Onlar 7 qardaşdırlar və qardaşların hamısı tanınmış pəhləvandır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ümid Ramazanov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Ümid Ramazanov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Şikayəti baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə Ümid Ramazanovun vəkili Oqtay Əliyev bildirib ki, birinci instansiya məhkəməsi Ümid Ramazanova cəza təyin edərkən toplanmış sübutlara düzgün hüquqi qiymət verməyib: "Məhkəmə təqsirləndirilən şəxs barəsində kifayət qədər yüngülləşdirici halların məcmusunu müstəsna hal hesab etməyib və ədalətsiz hökm çıxarıb".
Vəkilin fikrincə, Ümid Ramazanovun cinayətin açılmasına, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş maddi və mənəvi zərəri könüllü ödəməsi, zərərçəkmiş şəxslə razılıq əldə etməsi də yüngülləşdirici hal kimi qiymətləndirilməyib.
Vəkil bildirib ki, Ümid Ramazanov barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə təqsirli bilindiyi maddədə müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər.
Ümid Ramazanov elan edilmiş ittihamla özünü tam təqsirli bilərək göstərib ki, zərərçəkmiş Qabil Ramazanov onun əmisidir: "7-8 il əmimin kafesində nəzarətçi işləmişəm. Kafedə işlədiyim müddətdə Qabil mənə əmək haqqı verməyib. Əmim həmin aylıq maaşları yığaraq mənə toy edəcəyini deyib.
Cinayət törətməmişdən əvvəl əmimdən məni evləndirməsini xahiş etdim. Lakin əmim pul olmadığına görə məni evləndirməyəcəyini bildirdi. Bundan sonra onun evində pul olduğunu bildiyim üçün oğurluq etmək qərarına gəldim".
Təqsirləndirilən şəxs deyib ki, oğurluq zamanı seyfdən sellofan torbanda olan pulları saymadan götürüb: "Həmin vaxt seyfdəki pul və qızıl-zinət əşyalarını götürməmişəm. Pulları sayanda 120000 manat olduğunu bilmişəm. Həmin pullardan yalnız 3000 manat götürmüşəm, qalan pulları əmimə məxsus 90-DK-167 dövlət qeydiyyat nömrə nişanlı VAZ-21015 markalı avtomaşına qoyaraq, avtomaşını Bakı şəhəri avtovağzalının avtodayanacağında saxlamışam. Özüm isə Türkiyəyə getmişəm.
İki gündən sonra mobil telefonumdan qardaşım Zamiqin istifadəsində olan telefona mesaj yazaraq, oğurlanmış pulların olduğu yer haqqında məlumat vermişəm, qardaşımdan xahiş etmişəm ki, əmimə bu barədə desin".
Şahid qismində dindirilən Zamiq Ramazanov qardaşının dediklərini təsdiqləyib: "Ümid xarici ölkənin telefonundan mesaj yazmışdı ki, qaqaş, maşını avtovağzalda padvala qoymuşam, pul da onun içində. Qabilə denən, getsin götürsün. Bundan sonra polis işçiləri ilə birlikdə avtovağzala getdik. Orada Ümidin idarə etdiyi avtomaşına müstəntiq baxış keçirdi. Avtomaşının salonunda 116700 manat pul aşkar edilərək götürüldü".
Başqa bir şahid Elmin Məmmədov deyib ki, avqustun 19-da, saat 01:30 radələrində Ümid Ramazanov onu evindən çağırıb və ondan pulu saxlamağını xahiş edib: "Ümid dedi ki, əmisi Qabilin ona borcu var idi, lakin Qabil ona pul vermirdi, o da həmin pulları Qabilin evindən götürüb. Ümid daha sonra bildirdi ki, pulun bir hissəsini özünə götürəcək, qalan pulu maşına qoyacaq və telefonla məlumat verəcək ki, Qabil həmin pulları götürsün".
Zərərçəkmiş Qabil Ramazanov məhkəməyə ərizə ilə müraciət edərək bildirib ki, qardaşı oğlu Ümid Ramazanov tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilib. Onun qeyd etdiyinə görə, Ümid Ramazanovu bağışlayıb: "Mənim təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və iddiam yoxdur. Məhkəmədən Ümid Ramazanova ən yüngül cəza təyin edilməsini xahiş edirəm".
Prosesdə çıxış edən prokuror Teymur Əsədov bildirib ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs barəsində yüngülləşdirici halları nəzərə alıb. Bu səbəbdən prokuror apelyasiya şikayətinin təmin edilməməsini xahiş edib.
Məhkəmə Ümid Ramazanovun apelyasiya şikayətini qismən təmin edib və onun cəzasını 6 ilə endiriblər.
Hacı Zeynalov