16 Aprel 2015 17:00
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Məhkəmədə Kür daşqınları zamanı zərərçəkmiş şəxsə qarşı dələduzluq etməkdə təqsirli bilinən Sabirabad rayon sakini, 1966-cı il təvəllüdlü Fuad Nuriyevin kasasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Fuad Nuriyev 17 mart 2013-sü il tarixdə Sabirabad rayonunun Şıxlar kəndində tanışı Seyidhəsən Ağayev ilə birlikdə cinayət əlaqəsinə girib.

Onlar həmin kənddə yaşayan Bakir Həsənova Kür çayının daşması nətisəsində yararsız hala düşmüş evinin əvəzinə yeni mənzil tikdirəsəklərini vəd edib. Hər iki şəxs aldatma yolu ilə Bakir Həsənovdan 3600 manat alıblar. Onlar vədlərinə əməl etməyərək zərərçəkmişə qarşı dələduzluq ediblər.

Fuad Nuriyev Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham ediliblər. Cinayət işinə Sabirabad rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fuad Nuriyev üç min manat cərimə cəzası alıb. Hökmdən Baş Prokurorluq şikayət verib. Prokurorluq şikayətində Fuad Nuriyevin həbs edilməsini tələb edib. Həmçinin təqsirləndirilən və zərərçəkmiş də apelyasiya şikayəti verib. Fuad Nuriyev şikayətində cəzasının yüngülləşdirilməsini xahiş edib. Şikayətlər baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Qərara görə, prokurorluğun şikayəti təmin edilib və Sabirabad rayon Məhkəməsinin hökmü ləğv edilib. Məhkəmə Fuad Nuriyevin barəsində yeni hökm çıxarıb. Yeni hökmə əsasən, Fuad Nuriyev 3 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalından həbs edilib. Təqsirləndirilən və zərərçəkənin şikayəti təmin edilməyib.

Hökmdən narazı qalan Fuad Nuriyev kasasiya şikayəti verib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara görə, Fuad Nuriyevin kasasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham olunan Seyidhəsən Ağayev vəfat edib. İstintaq orqanı Seyidhəsən Ağayevin vəfat etməsi ilə əlaqədar olaraq onun barəsində olan cinayət işinə xitam verib.

Hacı Zeynalov


Müəllif: