Sumqayıt Apelyasiya Məhkəməsində oğurluqda təqsirli bilinən Aydın Zamanovun cinayət işinə baxılıb. İttihama görə, Aydın Zamanov əvvəllər iki dəfə məhkumluq həyatı yaşayıb.
Teleqraf.com xəbər verir ki, o, 13 iyul 2001-ci il tarixdə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü (oğurluq), 180.2.1, 180.2.2-ci (soyğunçuluq)maddələri ilə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsi tərəfindən 7 il müddətinə azadlıqdan məhrum etmə edilib. 7 il cəza çəkən Aydın Zamanov 2008-ci ildə azadlığa çıxsa da, yenə də əməlindən əl çəkməyib. O, yenə də oğurluq etdiyi üçün 9 oktyabr 2009-cu il tarixdə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 4 il müddətinə azadlıqdan mərhum edilib.
Aydın Zamanov cəzasının 3 hissəsini çəkəndən sonra azadlığa buraxılıb və qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilmədən və götürülmədən yenidən oğurluq cinayətinə əl atıb. O, 12 dekabr 2013-cü il tarixdə, gecə saat 02.30 radələrində Ramiz Mehdiyevin işlətdiyi, Sumqayıt şəhəri 7-8-12-ci birləşmiş məhəllə ərazisində yerləşən ərzaq marketində oğurluğa girib. O, mağazadan 1100 manat, hər birinin qiyməti 15 manat olan 10 blok “Kent 8” siqareti, hər birinin qiyməti 17 manat olan 8 blok “Sobranıe” siqareti, hər birinin qiyməti 10 manat olan 10 blok “LD” siqareti, hər birinin qiyməti 15 manat olan 6 blok “Davudov” siqareti, hər birinin qiyməti 14 manat olan 10 blok “Viniston” siqareti, hər birinin qiyməti 12 manat olan 11 blok “Vest” siqaretini, həmçinin 400 manat dəyərində müxtəlif telefon danışıq konturları, 100 manat dəyərində Rusiya istehsalı olan araq, 30 ədəd Azərbaycanda istehsal olunmuş pivə oğurlayıb. Bundan əlavə, o, mağazadan 40 manat miqdarında “SNİKERS” şokaladı və müxtəlif növ kolbasa da aparıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aydın Zamanov 5 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Aydın Zamanov apelyasiya şikayəti verib. Hakim Vidadi Cabbarovun sədrliyi ilə keçirilən prosesdə Aydın Zamanovun vəkili Kərimxan Əsədov çıxış edib. O, deyib ki, birinci məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən hadisəyə heç bir aidiyyatı olmadığı və həmin əməli törətmədiyi müəyyən olunub: “Aydın Zamanov qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunub. Hökm bilavasitə məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanmaqla deyil, ittiham aktına və ziddiyyətlərlə dolu şahid qismində dindirilmiş polis əməkdaşlarının və işin nəticəsində maraqlı olan zərər çəkmiş şəxsin uydurulmuş ifadələri ilə çıxarılıb”.
Təqsirləndirilən şəxs qeyd edib ki, barəsində olan cinayət işinin düzgün araşdırılmayıb: “Hüquqlarım kobud şəkildə pozulub. Bu səbəbdən cinayət işinin yenidən araşdırılmasını istəyirəm. Hakim kollegiyası isə tərəfləri dinləyəndən sonra apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar açıqlayıb.
Hacı Zeynalov