4 May 2015 17:02
2 375
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Peşmanam, çünki üç ailə gözüyaşlı qalıb”

Bakı Ağır Cinayətlər Məhkəməsində pul üstündə qətl törətməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü Yarəli Dadaşovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, Yarəli Dadaşov 2012-ci ildə mobil internet saytları hazırlayaraq satmaqla məşğul olan Röyal Nəcəfovla tanış olub. 2013-cü ildə özünün düzəltdiyi “wap.eleme.az” saytını ora qeydiyyatın çox olduğunu görüb Röyaldan geri almaq barədə razılığa gəlib. O, Röyala 400 manat pul verəcəyinə boyun olub.

Bir həftə möhlət istədi

Yarəli Dadaşov “wap.master” parollarını götürməklə qeydiyyatdan keçənlərin çoxluğuna əmin olmaq üçün bir həftə möhlət istəyib. 4 gün sayta nəzarət edib, gündəlik 50-60 nəfərin qeydiyyatdan keçdiyini görüb, Röyal Nəcəfova zəng edərək saytın reytinqinin aşağı olduğunu, parolları geri qaytarmaq istədiyini bildirib.

Röyal 20 gün sonra saytın parollarını alaraq başqasına satmasına baxmayaraq, Yarəlidən tez-tez vədələşdikləri 400 manatı tələb edib.

Bu səbəbdən münasibətlər pozulub. Sonuncu dəfə 23 oktyabr 2014-cü il tarixdə, saat 21 radələrində Yarəliyə zəng edən Röyal onunla sərt danışıb və görüşmək istədiyini bildirib. Onlar növbəti günə görüş təyin ediblər, bu zaman Yarəlinin yanında olan dostu Asim Bünyatzadə məsələ ilə maraqlanıb. Yarəli əhvalatı ona danışıb.

Asim Bünyatzadənin təkidi ilə o, Röyal Nəcəfovla məsələyə aydınlıq gətirmək istəyib. Yarəli təkrar Röyala zəng edərək onu Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivindəki “Kanal kənarı” adlanan əraziyə çağırıb. Saat 23.00-da vədələşdikləri yerə gələn tanışlara Röyal bildirib ki, “Göl” adlanan əraziyə gedərək, məsələni orada aydınlaşdırmaq istəyir.

Gecə həmin əraziyə yola düşüblər. Yolda Asimlə Yarəli birləşib Röyal Nəcəfovu bıçaqlayaraq öldürüblər.
“Görüşdük, tanış olduq, dostlaşdıq”

Yarəli Dadaşov Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 177.2.1-ci (oğurluq) maddələri ilə ittiham edilib. Asim Bünyatzadə istintaq altında olduğu müddətdə Bakı İstintaq Təcridxanasında vəfat edib və onunla bağlı cinayət işinə xitam verilib.

Məhkəmədə ifadə verən Yarəli Dadaşov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli sayıb.
Bildirib ki, pul qazanmaq məqsədilə “wap.master” kimi mobil internet saytlarının düzəldilməsi ilə məşğul olub: “2012-ci ildə Röyal Nəcəfov serverə daxil olaraq oradan mobil nömrəmi götürüb. Mənimlə əlaqə saxlayaraq internet saytı almaq istədiyini bildirdi. Onunla “Kanal kənarı” adlanan yerdə görüşdük və tanış olduq. Hər biri 5 manatdan 50 manata qədər müxtəlif qiymətlərə 17 wap-mobil saytı düzəldərək ona satdım. Röyalla aramızda dostluq münasibəti yarandı”.

“1 il Röyal hər dəfə məndən pul tələb edib”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2013-cü ilin fevralında Röyal Nəcəfov onun üçün hazırladığı “wap.elemə.az” saytını satacağını bildirib: “Röyal həmin saytda gündə 300-400 nəfərin qeydiyyatdan keçdiyini dedi. Mən də həmin saytı bir həftəlik istifadə etməkdən ötrü mənə verməsini, reytinqi yüksək olsa, 400 manata alacağımı dedim. Röyal mənimlə razılaşdı, saytın istifadəçi girişi ilə birgə parolları mənə verdi. Saytı server kimi 4 gün işlətdikdə gündə 50-60 nəfərin qeydiyyatdan keçdiyini gördüm. Ona zəng etdim və saytı qaytarmaq istədiyimi bildirdim. O, Gəncədə olduğunu, 3 günə gələcəyini, Bakıya gələndə görüşməyi təklif etdi.

15-20 gün sonra Röyalla təzə avtovağzalın yanında görüşdük. O, 400 manatı tələb edərək vaxtın keçdiyini bildirdi. Röyala saytı almayacağım barədə vaxtında ona dediyimi, lakin onun günahı ucbatından məsələnin gecikdiyini bildirdim, saytı geri götürməsini istədim. Röyal pul tələb etsə də, verməyəcəyimi dedim.

Təxmininə 1 il ərzində Röyal hər dəfə məndən pul tələb edib. Pulu verməyəcəyimi desəm də, aramızda mübahisə olmayıb”.

“Dedi, səni döyüb, murdar edərəm”

Yarəli Dadaşov bildirib ki, son vaxtlar da Röyal Nəcəfov zəng edərək 400 manatı tələb edib, onunla acıqlı-acıqlı danışıb: “Axşam 21 radələrində Röyal yenidən mənə zəng edərək pul tələb etdi. Həmin vaxt dostum Asimlə domino oynayırdıq. Asim söhbətə aydınlıq gətirmək istədi. Buna görə də Röyala zəng edərək Savalan massivindəki kanalın qırağına çağırdım. Həmin vaxta kimi Asimlə Röyal bir-birlərini tanımırdılar. Saat 23.30 radələrində Röyal taksi ilə həmin yerə gəldi, “Göl” deyilən ərazidə bir dostunun bizi gözlədiyini bildirdi.

Piyada həmin tərəfə getməyə başladıq. Yolda Röyal aşağı əyiləndə belində bıçaq olduğunu gördüm. Asim evdən götürdüyü bıçağı Röyal görmədən mənə verdi.

Bu zaman Röyal kiməsə zəng edərək “gölün qırağında gözləyirəm səni, iki nəfərdilər, əliboş gəlmə” söylədi. Röyaldan nə məsələ olduğunu soruşdum. O, məni təhqir etməyə başladı. Asimə dedi ki, səni döyüb, murdar edərəm.

Bizi bir daha təhqir edəndə Asim Röyalın üstünə cumdu. Röyal belindəki bıçağı çıxararaq Asimi vurmaq istədi. Asim onun əlindən bıçağı aldı, onun baş nahiyəsindən bir zərbə vurdu. Bu zaman mən siqaret yandıraraq kənara çəkildim. Asimin Röyalı bir neçə dəfə vurduğunu, əlindəki bıçağın qana bulaşdığını gördüm. Röyal yenə qışqıra-qışqıra bizi söyməyə başladı. Heç kim eşitməsin deyə Röyalın ağzından tutdum, Asim isə onun ayağında tutaraq hasarın o biri tərəfinə apardıq. Röyalın yenə də əl-qol atdığını gördüyüm üçün onu yumruqladım”.

“Röyalın meyitini gölə atmaq istədik”

Təqsirləndirilən şəxsin sözlərinə görə, bu zaman Röyal onun qardaşının 2 yaşlı qızını söyüb: “Onun söyüşünə dözməyərək bıçaqla Röyalın kürək nahiyəsinə iki zərbə vurdum. O, əl-qol atanda bıçaq əlimdən düşdü. Yerdən bıçağı götürərək təkrar Röyalın kürək nahiyəsinə zərbələr vuranda bıçağın dəstəyi sındı. Sonra Röyalın sifət nahiyəsinə sillə ilə zərbələr vurdum. Daha sonra Asimin verdiyi bıçaqla xatırlamadığım sayda zərbələr vurdum. Röyal yenə də təhqir edəndə bıçağı boğaz nahiyəsinə çəkdim.

İzi itirmək məqsədilə Röyalın meyitini gölə atmaq istədik. Amma bataqlığa görə meyiti orada qoyduq. Röyalın üstündən götürdüyüm “Samsunq Galaxy” və “Nokia” mobil telefonları, bıçağı gölə atdım. Onun üstündən götürdüyümüz pul kisəsinin içindəki 21 manat Asimdə qaldı. Asimə “pulu da gölə at” dedim, amma bunu edib-etmədiyini bilmədim”.

“Bu hadisəyə görə üç ailənin gözü yaşlı qalıb”

Yarəli Dadaşovun sözlərinə görə, onlar Ramana qəsəbəsinə gəliblər, “Elbrus” marketdən 2 qutu siqaret, 2 kola alaraq “Xram” adlanan kafeyə yollanıblar: “Kafedə mən çay, Asim iki bakal pivə içdi. Daha sonra təslim olmaq üçün 14-cü polis bölməsinə gəldik. Bölmədə növbətçiyə adam öldürdüyümüzü bildirdik. Növbətçi dedi ki, məzələnməyin, gedin, sabah gələrsiz. Ciddi şəkildə adam öldürdüyümüzü bildirəndə bizi içəri apardılar.

Mən nevroz xəstəsiyəm. Xəstəlik tutanda gözümə heç nə görünmür. Qardaşımın azyaşlı qızını söyməsəydi, onu vurmazdım. Mənim Röyalı öldürmək yox, incitmək məqsədim olub. Buna görə də ona 10 bıçaq zərbəsi vurmuşam, həmin zərbələr ölümcül olmayıb.

Qardaşımın qızını söyəndən sonra ona daha möhkəm zərbələr vurmuşam. Törətdiyim əməldən peşmanam. Çünki bu hadisəyə görə üç ailənin gözü yaşlı qalıb”.

Prokuror bildirib ki, Yarəli Dadaşovla Asim Bünyatzadənin istintaqa verdiyi ifadələr arasında ziddiyyətlər var. O, Asim Bünyatzadənin istintaqa verdiyi ifadəsinin elan edilməsini istəyib.

“Kafedə 12 bakal pivə içdik, 18 manat hesab verdik”

Asim Bünyatzadə istintaqa verdiyi ifadəsinin əvvəli Yarəli Dadaşovun söylədiyi fikirlərlə üst-üstə düşür. Amma o, qətl hadisəsindən sonra cərəyan edən hadisələri fərqli danışıb. Bildirib ki, Röyal öləndən sonra Yarəli onun yerə düşmüş “Samsunq Galaxy” və jaketinin sol cibində olan “Nokia” markalı mobil telefonlarını, cibindəki pul qabından 21 manatı götürüblər: “İzi itirmək məqsədilə Yarəli Röyalın iki mobil telefonunu, pul qabını və bıçağı gölə atdı. Daha sonra oradan gedərək “Elbrus” marketə çatdıq. Orada fikirləşdik ki, Röyalın meyitini də gölə ataq. Yenidən həmin yerə qayıtdıq, meyiti birlikdə gölə tərəf sürütlədik. Gölün kənarında bataqlığa düşdüyümüz üçün meyiti orada qoyduq, həmin yerdən uzaqlaşdıq. Saat 2.20 radələrində piyada Ramana qəsəbəsinə getdik. “Xram” adlanan kafedə 12 bakal pivə içdik, 18 manat hesab verdik”.

Yarəli Dadaşov isə bildirib ki, həmin vaxt kafedə başqa tanışları olub. Onun sözlərinə görə, tanışlarının da hesabını o, ödəyib: “Buna görə də 50 manat hesab ödəmişəm. Mərhumun cibindən götürülən 21 manatdan xəbərim olmayıb”.

Zərərçəkmişin hüquqi varisi Müzəffər Nəcəfov bildirib ki, mərhum Röyal onun oğludur. Onun sözlərinə görə, oğlu xırda ticarətlə məşğul olub: “Oğlum oktyabrın 23-də, saat 21 radələrində toydan evə gəldi. Bir qədər sonra Röyal uşaqlarla görüşmək məqsədilə evdən çıxdı. Sonra oğlumun öldürləmsini eşitdim”.
Məhkəmə iclası mayın 18-də davam etdiriləcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər