Suriyada Bəşər Əsədə qarşı qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Sənan Baxışov, Ruslan Cəfərov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov və Maarif Mərdanovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə cinayətin işinin materiallarında olan sənədlər elan edilib. Hakim cinayət işində təqsirləndirilən şəxslərin ölkədən çıxması, həmçinin Suriyaya getmələri,sonradan Azərbaycana qayıtmaları ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinin Anterror İdarəsinin arayışını elan ediblər. Həmin arayışda qeyd olunub ki, təqsirləndirilən şəxslər Azərbaycandan çıxaraq Gürcüstana gediblər, oradan Türkiyə vasitəsi ilə Suriya Ərəb respublikasının ərazisinə keçiblər və orada qanunsuz hərbi birləşmələrin tərkibində döyüşlərdə iştirak ediblər.
Bundan başqa, təqsirləndirilən şəxslər izahatlarında göstəriblər ki, Suriyada gedən cihadda iştirak etmək məqsədilə Suriyaya gediblər. Onların qeydlərinə görə, orada qanunsuz hərbi birləşmələrin tərkibində təlimlər keçiblər və döyüşlərdə iştirak ediblər.
Hakimin səsləndirdiyi sənədlərdə daha sonra qeyd olunub ki, təqsirləndirilən şəxslər Sənan Baxışov, Ruslan Cəfərov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov və Maarif Mərdanov Suriya ərəb Respublikasına getmələri, bəziləri orda Abu Hafsanın əmiri olduğu “An Nusra Cəbhəsi”, bəziləri isə əslən gürcü və ərəb mənşəlindən olan şəxslərin rəhbərlik etdikləri hərbi birləşmələrdə iştirak ediblər. Qeyd olunub ki, təqsirləndirilən şəxslər “Azad Suriya” ordusu tərəfindən əsir götürülüb və sonradan həmin ölkədən deportasiya ediliblər.
Əhməd Həsənov izahatında qeyd edib ki, Suriyada gedən cihadda iştirak etməsi üçün Gürcüstana, oradan da Türkiyəyə keçib. Onun qeydinə görə, Türkiyədən Hasan adlı şəxsin vasitəsi ilə Suriya ərazisinə keçib. Orada bir müddət təlimlərdə, sonra da döyüşlərdə iştirak edib. Əhməd Həsənov daha sonra izahatında bildirib ki, sonradan əsir götürülüb və Suriyadan çıxarılıb.
Digər təqsirləndirilən Maarif Mərdanov izahatında bildirib ki, Sumqayıtdan olan Aqil Hacıyevin əmiri olduğu camaatın tərkibində iştirak edib. O, qeyd edib ki, Suriyaya getməkdə məqsədi cihadda iştirak etmək olub: “Suriyada hərbi birləşmələrin tərkibində silahla təchiz olunmuşam”.
Ruslan Cəfərov istintaqa verdiyi izahatında qeyd edib ki, əslən gürcüstanlı olan Şeyx Süleymanın əmiri olduğu camaatın tərkibində döyüşlərdə iştirak edib. Bundan başqa, cinayət işinin materiallarına əsasən təqsirləndirilən şəxslər foto şəkillər vasitəsi ilə bir-birlərini tanıyıblar. Həmçinin təqsirləndirilən şəxslər Suriyada camaat əmiri olan bir neçə nəfəri də fotoşəkillər vasitəsi ilə tanıyıblar. Müəyyən edilib ki, Aqil Hacıyev, İntiqam Əliyev, Xalid Atakişiyev Suriyada bir neçə camaata rəhbərlik ediblər.
Hakim sonda bildirib ki, cinayət işinin materialları arasında olan sənədlər elan edilib. Başqa sənədlərin elan edilməsi ilə bağlı hakim tərəflərin fikirlərini öyrənib. Tərəflər əlavə sənədləri olmadığını, məhkəmə istintaqının yekunlaşmasına etiraz etmədkilərini bildiriblər. Yerində müşavirə keçirən hakimlər məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul ediblər və çıxış etmək üçün prokurora söz veriblər.
Prokuror çıxışa hazırlaşmaq üçün iki həftə vaxt istəyib. Bu səbəbdən məhkəmə iclasının davamı mayın 19-na təyin edilib.
Hacı Zeynalov