Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun işindən kasasiya şikayəti verilib.
Anar Məmmədlinin vəkili Elçin Sadıqov Teleqraf.com-a bildirib ki, Anar Məmmədli, Bəşir Süleymanlı və Elnur Məmmədovun barəsində olan Bakı Apelyasiya Məhkəməsinin 10 dekabr 2014 -cü il tarixli apelyasiya şikayətinə yekun məhkəmə baxışı iclasının qərarından kasasiya şikayəti hazırlayıb. Vəkil həmin kasasiya şikayətini bu gün Bakı Apelyasiya Məhkəməsinə təqdim edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Məmmədli 5 il 6 ay və Bəşir Süleymanlı 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Süleymanlı məhkəmə zalından həbs edilib. Elnur Məmmədov isə 3 il 6 ay müddətinə şərti cəza alıb. Bakı Apelyasiya Məhkəməsi birinci məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
Anar Məmmədli 2013-cü il dekabrın 16-da həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətini aşmaqda ittiham olunur. Məhkəmə onu üç ay müddətinə həbs edib.
Anar Məmmədli və digər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (iri məbləğdə əmlakı mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Hacı Zeynalov