6 May 2015 17:18
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində dələduzluqda ittiham olunan “Əzizbəy-KM” MMC-nin təsisçisi Fuad Mirzəyev və cəmiyyətin direktoru Akif Bağırovun apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, MMC-nin təsisçisi Fuad Mirzəyevlə qurumun direktoru Akif Bağırov inşa edilmiş yaşayış binasındakı 18 mənzili və 2 qeyri-yaşayış sahəsini aldatma yolu ilə təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satıblar. Təqsirləndirilən şəxslər ümumilikdə 1 milyon 43 min 584 manat məbləğində pul vəsaitini mənimsəyiblər.

Fuad Mirzəyev və Akif Bağırov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham ediliblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar cəzalarının yüngülləşdirilməsini istəyiblər.

Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri qismən təmin edilib. Onların hökmündən Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi xaric edilib. Onlar həmin maddə üzrə cəzadan azad ediliblər. Hökm qalan hissədə dəyişdirilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər