15 May 2015 10:44
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Apelyasiya Məhkəməsində narkotik vasitələrin əkib-becərməkdə təqsirli bilinən Quba rayon sakini, 1959-cu il təvəllüdlü Fərman Mirişovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Quba Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həyətində narkotik vasitələri əkib-becərən Fərman Mirişovu həbs ediblər. Narkotik plantasiyasının sahəsi 2 sotdan artıq olub. Əməliyyat axtarış tədbirləri nəticəsində 125 ədəd çətənə kolu maddi sübut kimi götürülərək ekspertizaya verilib. Onlardan 43 ədədi dibçəkdə, 82 ədədi isə torpaqda yetişdirilib.

Fərman Mirişov Cinayət Məcəlləsinin 237.2.3-cü (qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddəsi ilə ittiham edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Fərman Mirişov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən Fərman Mirişovun vəkili Mehdi Cəlilzadə bildirib ki, birinci instansiya məhkəməsi cəza təyini zamanı yüngülləşdirici halları tam olaraq nəzərə almayıb.

Müdafiəçi qeyd edib ki, birinci instansiya məhkəməsi cəza təyini zamanı işin konkret hallarını, cinayətin baş vermə səbəbini və xarakterini, məhkumun şəxsiyyətini, yəni yaşlı olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını və digər yüngülləşdirci halları tam olaraq nəzərə almayıb: “Məhkəmə istintaqı zamanı məhkum törətdiyi əməli səmimi etiraf edib. O, ifadəsində bildirib ki, şəkər xəstəliyindən əziyyət çəkdiyinə görə çətənə kollarını özü istifadə etmək üçün əkib və ona qulluq edib.

Təqsirləndirilən şəxsin həmin çətənə kollarını kiməsə satmaq niyyətində olması, bununla bağlı kiminləsə razılaşması və ya buna cəhd etməsi barədə heç bir məlumat əldə olunmayıb”.

Tərəflərin fikirlərini öyrənən hakim heyəti sonda apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul ediblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər